AİB: Qafqaz regionunda iqtisadi dayanıqlıq və enerji təhlükəsizliyi prioritet olacaq

AİB: Qafqaz regionunda iqtisadi dayanıqlıq və enerji təhlükəsizliyi prioritet olacaq backend

Avropa İnvestisiya Bankı (AİB) üçün Cənubi Qafqazda iqtisadi dayanıqlıq və enerji təhlükəsizliyi prioritet olacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə Avropa İnvestisiya Bankının beynəlxalq bölməsi olan "EİB Global" 2025-ci il üçün yeni regional fəaliyyət çərçivəsində bildirib. Sənədə əsasən, Bankın Avropa İttifaqının Cənub və Şərq Qonşuluğu regionlarında (Şimali Afrika, Yaxın Şərq və Cənubi Qafqaz) fəaliyyəti daha geniş strateji məqsədləri əhatə edəcək.

Sənəddə vurğulanır ki, "EİB Global" bu regionlarda yerli iqtisadi sabitlik və dayanıqlılığın gücləndirilməsini, Avropa İttifaqı ilə fiziki əlaqələrin inkişaf etdirilməsini və Aİ-nin enerji təhlükəsizliyinin möhkəmləndirilməsini prioritet istiqamətlər kimi müəyyən edib.

Yeni yanaşma çərçivəsində Bank yerli özəl sektorda məşğulluğun artırılmasına, eləcə də təmiz enerji və digər infrastruktur layihələrinə sərmayə yatırmağa imkan yaradacaq. Bu təşəbbüslər Avropa İttifaqının enerji və iqtisadi təhlükəsizliyini gücləndirməyə xidmət edəcək.

Qeyd edilib ki, bu siyasət, region ölkələrinin Avropa ilə iqtisadi və enerji əlaqələrinin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

AİB həmçinin, Avropa Komissiyasının Qara Dəniz Strategiyasının həyata keçirilməsinə töhfə verəcək. Həmin strategiya 2025-ci ilin mayında təqdim olunub və nəqliyyat, enerji və rəqəmsal infrastruktur sahələrinə sərmayələr vasitəsilə Trans-Avropa Şəbəkələri ilə uyğun şəkildə bağlantının gücləndirilməsini hədəfləyir.