"Rusiya Suriyada hərbi əməliyyatlar keçirərkən Türkiyənin narahatlığını nəzərə almayıb" Rusiya Suriyada hərbi əməliyyatlarını Türkiyənin maraqlarını nəzərə almadan keçirir. APA-nın məlumatına görə, bunu “Haberturk” və “Show TV” telekanallarına müsahibəsində Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.
“Mən burada strateji deyil, daha çox psixoloji aspekt görürəm. Rusiya son zamanlar Gürcüstan, Ukrayna və Krımla bağlı məsələlərdə atdığı bəzi addımları ilə öz şöhrətpərəst siyasətini nümayiş etdirir. Buna görə həddindən artıq özünəinam yaranıb. Rusiya, Suriyaya girərək və bunun Türkiyə üçün nə dərəcədə əhəmiyyətli olduğunu anlayaraq Türkiyənin xəbərdarlıqlarını nəzərə almadı. Siz bizim sərhəddə bizim soydaşlarımızı öldürürsünüz, bizə doğru qaçqın axınını çoxaldırsınız, bizim hava məkanımızı pozursunuz. Bu artıq həddini aşmaqdır”, deyə Davudoğlu qeyd edib.
Onun sözlərinə görə, Türkiyədən hörmət gözləyən hər bir ölkə ilk növbədə ona hörmət göstərməlidir.