Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin Türkiyənin İŞİD terror təşkilatından neft alması ilə bağlı ittihamlarına cavab verib. APA TV-nin xəbərinə görə, Parisdə jurnalistlərin qarşısında çıxan Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Rusiya tərəfi iddialarını sübut etsə, o, vəzifəsindən istefa verər: "Bu işlər iftiralarla getməz. Burada çox iddialı bir məsələni ortaya qoyuram. Belə bir şey isbat edildiyi an mən bu vəzifədə qalmaram. Amma hörmətli Putinə deyirəm, sən o vəzifədə qalarsanmı? Bu qədər açıq danışıram".
Rəcəb Tayyib Ərdoğan onu da deyib ki, Türkiyənin neft aldığı ölkələr məlumdur: "Biz Rusiyadan neft və təbii qaz alırıq. Biz İrandan, Azərbaycandan, İraqdan, Əlcəzairdən, Qətərdən, Nigeriyadan neft və qaz alırıq. Hazırda İŞİD terror təşkilatından neft alan şəxslərdən biri, Rusiya və Suriyanın vətəndaşı olduğu Amerikanın Maliyyə Nazirliyi tərəfindən bildirilən Corc Hasvanidir. Bu adam Suriya rejiminə neft satır. Bu ortadadır. Əvvəlcə bunun hesabını versinlər"
Türkiyə prezidenti bir daha təkrarlayıb ki, Rusiya bombardmançısı Türkiyənin hava məkanını pozduğu və xəbərdarlıqlara məhəl qoymadığı üçün vurulub.