Prezident Bəşər Əsəd Suriyadakı münaqişənin nizamlanması üzrə danışıqların Praqada aparılmasının tərəfdarıdır. APA TV-nin Rusiya saytlarına istinadən verdiyi məlumata görə, bunu Suriyanın dövlət başçısı Çexiya televiziyasına müsahibəsində bəyan edib.
“Çexiya özünün düşünülmüş mövqeyi ilə fərqlənir. Misal üçün, sülh konfransı Fransada baş tuta bilməz. Bu ölkə terrorizmi və müharibəni dəstəkləyir. Praqaya dair təklif bütün tərəflərin ürəyincə oldu”, - deyə Bəşər Əsəd bildirib.Suriya prezidenti Çexiyanın paytaxtında sülh sazişinin bağlanma imkanlarını təsdiqləyib: “Bu tam realdır. Bunun gerçəkləşməsini həm hökumət, hə də müxalifət istəyir”.
Bəşər Əsədin sözlərinə görə, münaqişənin nizamlanmasının əsas şərti terrorizm üzərində qələbədir: “Məhz bunun nəticəsində səmərəli siyasi dialoq və ölkədə vəziyyətin normallaşması mümkündür”.
O, həmçinin avropalıları suriyalı qaçqınlara yardım göstərməyə çağırıb: “Onların əksəriyyəti namuslu və vicdanlı insanlardır. Lakin etiraf etməliyik ki, qaçqınların sıralarına terrorçular da qəsdən yeridilir. Sayları nə qədərdir - demək çətindir”.