Britaniya, Fransa və İtaliya Trampın Qəzza üzrə planını dəstəkləyib

Britaniya, Fransa və İtaliya Trampın Qəzza üzrə planını dəstəkləyib backend

Dünyanın bir sıra liderləri və xarici işlər nazirləri ABŞ Prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı sülh planını dəstəklədiklərini, anklavda hərbi əməliyyatların dayandırılması üçün əməkdaşlığa hazır olduqlarını bəyan ediblər.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

"Biz bütün tərəfləri birləşməyə və bu təklifi yekunlaşdırmaq, həyata keçirmək üçün ABŞ administrasiyası ilə işləməyə çağırırıq", - Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib.

O hesab edir ki, Fələstin HƏMAS hərəkatı ABŞ-nin planını qəbul etməli, silahlarını yerə qoymalı və qalan girovları azad etməlidir.

Starmer qeyd edib ki, Böyük Britaniya fələstinlilərin və israillilərin təhlükəsizlik şəraitində birlikdə yaşaya biləcəyi davamlı sülhü təmin etmək üçün tərəfdaşları ilə işləməyə hazırdır.

İtaliyanın Baş naziri Ciorcia Meloni də ABŞ-nin təklifini alqışlayıb. O, bildirib ki, bu, döyüşlərin daimi dayandırılmasına, bütün girovların dərhal azad edilməsinə və mülki şəxslərin tam və təhlükəsiz humanitar yardıma çıxışına imkan verən dönüş nöqtəsi ola bilər.

Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində İsrailin bu əsasda qəti addım atacağını gözlədiyini bildirib.

"HƏMAS-ın bütün girovları dərhal azad edib, bu plana əməl etməkdən başqa çarəsi yoxdur", - o hesab edir.