Bakının İkinci Qarabağ müharibəsində sürətli qələbəsi Azərbaycan komandanlığının uğurlu hərbi quruculuğu və müasir hərbi tendensiyaların təhlili ilə bağlıdır.
Qaziler.az xəbər verir ki, bu fikirləri Rusiyanın hərbi eksperti, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko “NEWS.ru”ya bildirib. Onun sözlərinə görə, Azərbaycan ordusunun əks-hücum əməliyyatı taktika baxımından misli görünməmiş hadisə, hərbi sənət nümunəsi idi.
“İkinci Qarabağ müharibəsi müxtəlif tipli PUA kimi yüksək dəqiqlikli silahların mühüm rol oynadığı yeni texnoloji cəhətdən inkişaf etmiş döyüş növünün ilk nümunəsi idi. Azərbaycan müasir hərbi əməliyyatlardakı tendensiyaları təhlil edərək, döyüşlərin gedişatını əhəmiyyətli dərəcədə müəyyənləşdirən dronların aktiv tədarükü və yerləşdirilməsini haqlı olaraq vurğuladı”, - Korotçenko qeyd edib.
Ekspertin fikrincə, ikinci aspekt xüsusi təyinatlıların yaradılmasına vurğu idi. O qeyd edib ki, məhz bunun sayəsində Azərbaycan ordusu mühüm strateji şəhər olan Şuşanı azad edə bilib.
“Bu bölmələr təkcə Azərbaycan silahlı qüvvələrinin tərkibində deyil, ölkənin digər təhlükəsizlik orqanlarının tərkibində də yaradılıb. Bütün bunlar çox cəsarətli və effektiv əməliyyatların uğurla həyata keçirilməsinə imkan verib”, - hərbi ekspert qeyd edib.
QAZİLER.AZ