Səfir: Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın növbəti iclasının təşkili üzərində işləyirik

Səfir: Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın növbəti iclasının təşkili üzərində işləyirik backend

Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasının növbəti iclası yaxın vaxtlarda keçirilə bilər.

Bu barədə "Report"a müsahibəsində İsrailin Azərbaycandakı səfiri Ronen Kraus bildirib.

Onun sözlərinə görə, Hökumətlərarası Komissiya iqtisadi əməkdaşlığın ən vacib mexanizmidir.

"Biz növbəti iclasın təşkili, həmçinin müxtəlif nazirliklər arasında ilkin əlaqələrin qurulması üzərində işləyirik. Ümid edirəm ki, bu görüş yaxın vaxtlarda baş tutacaq. Bu görüş, əvvəlkilər kimi, gələcək əməkdaşlıq üçün imkanlarımızı genişləndirməyə imkan verəcək", - səfir vurğulayıb.

O, nümunələrdən biri kimi Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İsrail arasında İsraildəki "Tamar" qaz yatağının işlənməsi layihəsində 10 % payın alınması haqqında sazişi qeyd edib. Səfir bu layihəni yüksək qiymətləndirib və onun iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığa böyük töhfə verdiyini bildirib.

"Düşünürəm ki, bu, SOCAR-ın Azərbaycandan kənarda belə məbləğdə investisiya yatırdığı və belə qərar qəbul etdiyi ilk haldır. Onlar "Tamar" rezervuarının 10 %-ni aldılar və Aralıq dənizinin şimal hissəsində yeni qaz yataqlarının kəşfiyyatı üçün tenderi qazandılar. Bu, İsrail və Azərbaycan arasında enerji sahəsində münasibətlərə böyük töhfə olub", - diplomat əlavə edib.

Səfir, həmçinin iki ölkənin "yaşıl enerji" məsələlərində əməkdaşlığının mühüm rolunu qeyd edib. Onun sözlərinə görə, İsrail günəş enerjisi sahəsində texnologiyalara malikdir. Diplomat bildirib ki, ölkə öz təcrübəsini bölüşməyə və azərbaycanlı tərəfdaşlarla əməkdaşlıq imkanlarını araşdırmağa şad olacaq.

O, həmçinin Bakıda keçirilmiş COP29 iqlim sammitinin əhəmiyyətini vurğulayıb: "Azərbaycanda iki nazirin rəhbərliyi ilə İsraildən çox böyük bir nümayəndə heyəti olub. Mən hələ də burada, Bakıda keçirilən və İsrailin də iştirak etdiyi mühüm müzakirələri və iclasları xatırlayıram. Hesab edirəm ki, İsrail iqlim dəyişikliyi və onunla bağlı problemlərin həllinə həm enerji, həm su təchizatı, həm də digər sahələrdə əhəmiyyətli töhfə verə bilər", - R.Kraus vurğulayıb.

Səfir xüsusilə qeyd edib ki, İsrail su texnologiyaları məsələlərində Azərbaycanla əməkdaşlıq edə bilər, çünki ölkənin su çatışmazlığı ilə mübarizədə böyük təcrübəsi var.

"Biz həmçinin bu texnologiyanı dostlarımızla bölüşə bilərik. Bunlar iqlim dəyişikliyi, əhalinin ehtiyacları və ölkələrimiz üçün son dərəcə vacib olan ərzaq təhlükəsizliyi ilə bağlı problemləri həll etməyə imkan verən texnologiyalardır", - R.Kraus bildirib.

Xatırladaq ki, Azərbaycan-İsrail birgə Hökumətlərarası Komissiyasının əvvəlki iclası 2023-cü ilin aprelində Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin xarici işlər naziri Eli Koenin həmsədrliyi ilə keçirilib. İclasın yekununda tərəflər ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş, 2023-2026-cı illər üçün təhsil sahəsində əməkdaşlıq proqramı, Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə İsrail Milli Texnologiya İdarəsi arasında texnoloji innovasiyalar sahəsində Birgə Bəyannamə, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə İsrailin "Union Energy" şirkəti arasında əməkdaşlıq haqqında Saziş, "Azərsu" ASC ilə İsrailin "Mekorot" milli su şirkəti arasında Anlaşma Memorandumu imzalayıblar.