Türkiyənin Qars vilayətində çəkilən sənədli film ötən əsrin əvvələrində indiki Ermənistan ərazisindən deportasiya olunan azərbaycanlıların bir qısminin Türkiyəyə, xüsusilə Qarsa köç etməsinə həsr olunub.
Qaziler.az informator.az-a istinadən bildirir ki, filmdə 1915-1920-ci illərdə Türkiyə ərazisində 500 mindən çox soydaşımızın məcburi məskunlaşdığı və onların əsasən Ərzurum, Muş və Qars vilayətlərinə pənah gətirdikləri qeyd edilir. Ötən əsrin əvvəllərində - yəni 1918-1920-ci illərdə Qarsa gələn soydaşlarımızla bağlı onların övladları, yaxınları danışıb, ermənilərin törətdiyi vəhşiliklər barədə faktları vurğulayıblar. Qarsın Altungedik kəndinin ən yaşlı sakini sayılan 105 yaşlı Kudret Erolun həyat hekayəsi və valideynlərinin başına gələn faciələr barədə də söhbət açılıb. Eyni zamanda 1915-1920-ci illər arasında ermənilərin Qars və ətraf ərazilərdə törətdilkəri cinayətlər, Ulu Camidə yandırılan yüzlərlə qarslı haqqında da məlumat verilir.
Sənədli film “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İB-nin “Qərbi Azərbaycanın Qars köçü” layihəsi çərçivəsində reallaşıb. Ümumilikdə bu layihə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
Layihənin məqsədi ötən əsrin əvvələrində Qərbi Azərbaycanlıların bir qısminin deportasiya zamanı Türkiyənin Qars vilayətinə məcburi köçlərinin tarixi və bu günü haqqında araşdırma aparmaqdır. Eyni zamanda Qərbi Azərbaycanlıların bu günə qədər qoruduqları adət-aənələr, həyat hekayələri barədə indiki nəsli məlumatlandırmaqdır. Aparılan araşdırmalar mövzunun daha dərindən anlaşılmasına və yeni perspektivlərin ortaya çıxmasına şərait yaradır. Film Azərbaycan Televiziyasıın (AZTV) istehsalıdır.



