Bildiyimiz kimi avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda üçtərəfli görüş keçirildi. Görüşün nəticəsi olaraq, tərəflər arasında birgə bəyannamə imzalandı.
Qaziler.az xəbər verir ki, tarixi görüşlə bağlı “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev açıqlama yayıb. O, Vaşinqton görüşünün nəticələrini alqışladıqlarını, Prezidentin növbəti diplomatik uğura imza atdığını vurğulayıb.
“Prezident İlham Əliyevin Vaşinqtona səfəri yalnız tarixi və diplomatik uğur deyil, həm də beynəlxalq aləmdə dönüş nöqtəsi oldu. Üçtərəfli görüş zamanı imzalanan sənədi Azərbaycanın diplomatik qələbəsinin sənədlə rəsmiləşdirilməsi kimi dəyərləndirmək olar. Azərbaycan və Ermənistan arasında imzalanan sülh sazişi Cənubi Qafqazda tarixi dönüş nöqtəsi oldu. Bu sənəd Ermənistanın Azərbaycana qarşı bütün iddialarından imtinasını rəsmən təsdiqlədi.
Alqışlayırıq, bu gözlənilən idi. Qarabağ zəfəri, 44 günlük müharibə, “Antiterror”, “Qisas” əməliyyatları torpaqlarımızın azad olunmasında diplomatik uğurun bir nəticəsi idi. Amma Vaşinqton görüşü, ordakı saziş növbəti zəfər, növbəti uğurumuz oldu. Cənab prezidentimizi alqışlayırıq!
Qarabağ qaziləri hər zaman Ali Baş Komandanın yanında olub, ona hər zaman güvənib. Prezident dövlət idarəçiliyində də, 44 günlük müharibədə də - hər zaman inamımızı doğrultdu, ordumuzun, xalqımızın birlik gücü ilə bizə böyük zəfər yaşatdı. Ümid edirik ki, İlham Əliyev Azərbaycanı bundan sonra da təlatümlü dünya okeanında uğurla növbəti mərhələlərə aparacaq”.
QAZİLER.AZ