Paşinyan Vaşinqtondakı danışıqların nəticələrini Ərdoğanla müzakirə edib

Paşinyan Vaşinqtondakı danışıqların nəticələrini Ərdoğanla müzakirə edib backend

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

Bu barədə "Report" Ermənistan Baş nazirinin mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumatda qeyd olunub ki, N.Paşinyan avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Trampla görüşünün nəticələri barədə Ərdoğanı məlumatlandırıb.

"Ermənistanın Baş naziri Türkiyə Prezidentinə 2025-ci il avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda aparılmış danışıqların nəticələri, xüsusilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması, ATƏT-in Minsk qrupu mexanizmlərinin buraxılması ilə bağlı ATƏT-ə birgə müraciət, ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində regional kommunikasiyaların açılması, eləcə də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi barədə məlumat verib", - mətbuat xidmətindən bildirilib.

N.Paşinyan qeyd edib ki, Bakı və İrəvan arasında sülhün bərqərar olması regional əməkdaşlığın yeni səviyyəsinin müəyyən edilməsinə imkan yaradır.

Bundan başqa, həmsöhbətlər Ermənistan-Türkiyə münasibətlərinin ikitərəfli gündəliyinə daxil olan məsələləri, xüsusilə əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsinin gedişatını müzakirə ediblər:

"Baş nazir qeyd edib ki, indi bu razılaşmaların həyata keçirilməsi üçün heç vaxt olmadığı qədər əlverişli şərait var. Həmsöhbətlər fəal siyasi dialoqu davam etdirməklə bağlı razılığa gəliblər".