Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan və Ermənistan liderlərinin Ağ Evdə müştərək bəyannamə imzalamasını alqışlayıb.
Apa xəbər verir ki, təşkilatın Baş katibi bu barədə bəyanat yayıb.
“Mən Azərbaycan Respublikası prezidenti və Ermənistan Respublikası Baş naziri tərəfindən və ABŞ prezidentinin şahidliyi ilə müştərək bəyannamə imzalanmasını alqışlayıram. Mən Azərbaycan və Ermənistan arasında Sülhün və Dövlətlərarası əlaqələrin bərqərar edilməsi ilə bağlı razılaşmanın mətninin paraflanmasını güclü şəkildə dəstəkləyirəm. Həmçinin, Minsk prosesinin ləğvi üçün hər iki ölkənin ATƏT-ə müştərək müraciətinə dəstəyimi ifadə edirəm. Bu tarixi hadisə Cənubi Qafqaz və digər regionlarda davamlı sülhün, stabilliyin və rifahın təmin olunması üçün tarixi bir addımdır”, - deyə Kubanıçbek Ömüralıyev bəyanatında bildirib.