İranda 14 yeraltı raket bazası var və bu bazalar yerin 30-500 metr dərinliyində yerləşir. Bu sözləri İranın İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) Qüds Qoşunlarının komandirinin baş müşaviri general Həsən Kərimpur deyib.
Trend-in məlumatına görə, bu barədə İranın İSNA agentliyi məlumat verib.H.Kərimpur deyib ki, bu yeraltı bazalarda lazımi qədər təchizat var: "Hər hansı ölkədən İrana qarşı raket atılarsa, bu bazalardan avtomatik olaraq hücum edən ölkənin bütün önəmli yerləri bombalanacaq".
O deyib ki, İran yeganə ölkədir ki, ərazisinin hər 20 kilometrindən bir hava hücumundan müdafiə (HHM) üçün sistem quraşdırılıb: “Hazırda bu HHM sistemlərinin sayı 3500-dir və bu rəqəm 5500-ə çatsa, İrana heç bir təyyarə hücum edə bilməz”.
H.Kərimpur deyib ki, düşmənlər və ABŞ-ın səyi nəticəsində “Hermes 450" pilotsuz kəşfiyyat təyyarəsi İran ərazisinə girdi və Nətənz bölgəsində biz onu vurub sala bildik.
Qeyd edək ki, 2014-cü ilin avqustun 24-də İran hərbçiləri bəyan ediblər ki, onlar İranın hava məkanında İsrail istehsallı "Hermes 450" pilotsuz kəşfiyyat təyyarəsini vurublar. Pilotsuz kəşfiyyat təyyarəsi uranın zənginləşdirilməsi üçün atom müəssisəsinin yerləşdiyi Nətənz bölgəsini görməyə cəhd edib.
Xatırladaq ki, cari ilin oktyabr ayında İran İqilabı Keşikçiləri Korpusu (Sepah) ilk dəfə yerin 500 metr altında olan hərbi bazanın qapısını dövlət telekanalının üzünə açaraq öz hərbi gücünü dünya ictimaiyyətinə nümayiş etdirib. Bazada skat raketlərinə aid görüntülər nümayiş etdirilib. Hərbi bazanın harada yerləşməsi barədə isə məlumat verilməyib.