Noyabrın 25-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan İSESCO-nun baş direktoru Əbdüləziz ibn Osman ət-Tuveycrini qəbul edib. Lent.az-ın QMİ-nin saytına istinadən məlumatına görə, QMİ sədri A.Paşazadə Azərbaycanla nüfuzlu beynəlxalq təşkilat olan İSESKO arasında mövcud yüksək səviyyəli əlaqələrin inkişafından rəğbətlə danışıb. Bu işdə İSESCO-nun baş direktoru Əbdüləziz ibn Osman ət-Tuveycrinin şəxsi əməyinin olduğunu xüsusi vurğulayan QMİ sədri əlaqələrin dərinləşməsinin həm Azərbaycan, həm də bütün İslam birliyi üçün böyük əhəmiyyət daşıdığını bildirib.
Dini-mənəvi irsimizin qorunması yönündə gördüyü işlərə görə İSESKO rəhbərinə dərin minnətdarlığını bildirən Şeyxülislam A. Paşazadə Heydər Əliyev Fondunun prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu qurumla səmərəli, məhsuldar əməkdaşlığının xüsusilə əhəmiyyətli olduğunu diqqətə çatdırıb.Azərbaycanda İSESKO xətti ilə keçirilən irimiqyaslı tədbirlərin bu istiqamətdə xüsusi önəm kəsb etdiyini bildirən Şeyxülislam A. Paşazadə ət-Tüveycrinin Azərbaycana hər gəlişində QMİ sədri ilə görüşməsini yüksək dəyərləndirib. Azərbaycandakı tolerantlığın xalqımız üçün həyat norması olduğunu bildirən Şeyxülislam ölkəmizdə dini-mənəvi həyatın dirçəldilməsi istiqamətində görülən işlər, dini irsə dövlət səviyyəsində diqqət və qayğı barədə məmnunluqla danışıb. Şeyxülislam bildirib ki, Azərbaycan İslam dünyasının ayrılmaz tərkib hissəsidir və dinimizin dəyərlərinə və ümumbəşəri multikulturalizm ideyalarına hər zaman böyük ehtiram və qayğı ilə yanaşan dünyəvi dövlət modeli kimi təqdirəlayiq nümunədir.
İSESCO-nun baş direktoru Əbdüləziz ibn Osman ət-Tuveycri Şeyxülislam A.Paşazadənin İslam dünyasında nüfuzlu şəxsiyyət kimi dəyərləndirdiyini bildirib. Azərbaycanda dövlət-din münasibətlərinin səviyyəsinin, dini-mənəvi irsə nümunəvi münasibətin İSESKO tərəfindən hər zaman məmnunluqla qarşılandığını qeyd edən ət-Tüveycri ölkəmizin islami dəyərlərə və multikulturalizm ideyalarına sadiqliyinin və dövlət səviyyəsində dəstəklənməsinin xüsusi rəğbətə layiq olduğunu vurğulayıb.
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin də iştirak etdiyi görüş xatirə hədiyyələrinin təqdim olunması və şam süfrəsi ilə başa çatıb.