Vaşinqton Moskva və Kiyevi tam atəşkəs və sülhün əldə olunması üçün birbaşa danışıqları davam etdirməyə çağırır.
Qaziler.az “Fox News”a istinadla xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Tommi Piqott brifinqdə deyib.
“Deyə bilərəm ki, biz hərtərəfli atəşkəsə və son nəticədə sülhə əsaslanan danışıqlar yolu ilə nizamlanmaya nail olmaq üçün Rusiya və Ukrayna arasında birbaşa danışıqları asanlaşdırmağa davam edirik”, - Piqott deyib.
Piqott əlavə edib ki, Vaşinqton iki tərəf arasında birbaşa danışıqların üçüncü raundundan xəbərdardır və ABŞ tam və qeyd-şərtsiz atəşkəs üçün davam edən çağırışları dəstəkləyir.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini bildirib ki, ABŞ Rusiya və Ukraynanın əsirlərin, xüsusən də ağır xəstələrin və yaralıların növbəti mübadiləsi barədə razılığa gəlməsi xəbərini alqışlayır.
QAZİLER.AZ