İstanbulda başlanan III RAUND müharibəni dayandırmayacaq - Elxan Şahinoğlu

İstanbulda başlanan III RAUND müharibəni dayandırmayacaq - Elxan Şahinoğlu backend

"Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda başlanan növbəti ikitərəfli görüşü müharibəni dayandıracaq nəticəyə hədəflənməyib. Tərəflər ötən dəfə olduğu kimi bir qrup əsirin dəyişdirilməsinə razılaşa bilərlər. Bunun xaricində başqa razılaşmaların əldə ediləcəyi problematikdir. Sülhə hələ çox var".

Qaziler.az bildirir ki, bu şərhi Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu verib. Politoloq iyulun 23-də İstanbulda baş tutan Rusiya-Ukrayna danışıqlarının 3-cü raundunun atəşkəslə nəticələnməyəcəyini, Rusiyanın hələ Ukraynanın çox ərazisini işğal edəcəyini, Kiyevə isə silahların danışacağını qeyd edib.

"ABŞ Prezidenti Donald Tramp atəşkəsə nail olmaq üçün Rusiyaya 50 gün vaxt tanıyıb. Rusiya və Ukrayna 50-ci gündən sonrakı mərhələyə hazırlaşıblar. Kreml 50 gün ərzində Ukraynanın mümkün qədər çox ərazisini işğal etməyə, Ukrayna ordusu isə Rusiya tərəfinin itkilərini artırmağa çalışır. Rusiya ordusunun 50 gün ərzində Ukraynanın 4 bölgəsinin administrativ sərhədlərinə çıxacağı çətindir. Ona görə də Trampın Rusiyaya qarşı vəd etdiyi sanksiyaların işə düşəcəyi proqnozlaşdırılır. ABŞ Konqresi isə Rusiyadan neft alan ölkələrə qarşı sanksiya qətnaməsini müzakirəyə çıxarıb. Bu arada, bir qrup Avropa ölkəsi Ukrayna ordusunun işğalçıya qarşı müqavimətini gücləndirmək üçün Kiyevə göndərdikləri hərbi texnika sayını artırıb.

Müharibənin davamına baxmayaraq, tərəflərin İstanbul təmaslarının əhəmiyyəti itməyib. Tərəflər ən azı müəyyən humanitar məsələləri həll etməyə müvəffəq olurlar. İstanbul görüşləri Türkiyənin vasitəçi rolunu artırıb. Bir neçə gündən sonra Avropa və İran təmsilçiləri İstanbulda İranın nüvə məsələsini müzakirə edəcəklər. Rusiya və Ukrayna nə zamansa atəşkəsə və ya ən yaxşı halda sülh sazişi imzalamağa hazır olacaqlarsa, böyük ehtimalla sənədin imzalanacağı məkan İstanbul olacaq. Ancaq bunun üçün hələ zaman yetişməyib".

QAZİLER.AZ