Ermənistan və Azərbaycan arasında müharibə yox, sülh olacaq - Paşinyan

Ermənistan və Azərbaycan arasında müharibə yox, sülh olacaq -  Paşinyan backend

Ermənistan hökuməti Azərbaycanla uzunmüddətli sülhün bərqərar olmasına can atır.

Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

Paşinyan bundan sonra Ermənistanla Azərbaycan arasında müharibənin olmayacağını dilə gətirib.

“Ermənistan və Azərbaycan arasında müharibə yox, sülh olacaq. Mahiyyət etibarı ilə biz elə bu məsələnin uzunmüddətli həlli üzərində işləyirik və bu istiqamətdə fəaliyyəti davam etdirməliyik”, - baş nazir deyib.

Xatırladaq ki, iyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub.

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş konstruktiv atmosferdə keçib. Sülh gündəliyinin mühüm istiqamətləri - sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb.

Bu danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar əldə olunub.