ABŞ Ermənistanla Azərbaycan arasında yerləşən nəqliyyat dəhlizinin (Zəngəzur dəhlizi - red.) idarəsini öz üzərinə götürməyi təklif edib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barak jurnalistlər üçün keçirdiyi brifinqdə danışıb.
Mart ayında Azərbaycanla Ermənistan sülh sazişi layihəsi üzrə konsensusa gəlsələr də, Bakı rəsmi imzalanmadan əvvəl bir neçə ədalətli şərtin də yerinə yetirilməsində israr edir.
Azərbaycanın əsas tələblərindən biri İrəvanın konstitusiyasına dəyişiklik edərək, oradakı ərazi iddialarını ləğv etməsidir.
Ən ciddi mübahisə doğuran məsələlərdən biri isə Zəngəzur dəhlizidir. Bu dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməlidir.
Tom Barakın bu açıqlamaları Tramp Administrasiyasının dəhlizə neytral zəmanətçi kimi çıxış edəcək Amerikaya məxsus kommersiya operatoru vasitəsilə nəzarət təklifi verdiyini rəsmi şəkildə təsdiqləyən ilk bəyanat olub.