2025-ci il iyulun 4-də Xankəndidə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü təkcə beynəlxalq iqtisadi hadisə deyildi. Bu, Azərbaycan dövlətinin suverenliyinin, gücünün, diplomatik nüfuzunun və tarixi qayıdışının qlobal səviyyədə rəsmiləşdirilməsi idi. Amma qəribə təzad budur ki, bu tarixi uğurun fonunda həm daxildə, həm də xaricdə bir qrup müxalif dairə bu nailiyyəti kiçiltmək, xalqın gözü qarşısında baş verən faktları gözdən salmaq üçün yersiz və səmərəsiz cəhdlər göstərir. Ən acınacaqlısı isə budur ki, bu cəhdlər bəzən milli maraqları deyil, şəxsi ambisiyaları ifadə edir.
Gəlin sual verək: əgər bu gün Xankəndidə beynəlxalq zirvə görüşü keçirilirsə, bu yerdə hansı siyasi xəttin, hansı dövlətçilik ənənəsinin imzası var? Cavab açıqdır: Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və onun İlham Əliyev tərəfindən davamı.
Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdanda ölkə parçalanmaq üzrə idi, ordu yox idi, iqtisadiyyat dağılmışdı, enerji xəritəsində Azərbaycanın adı belə unudulmuşdu. Bu reallığı heç bir müxalif qüvvə inkar edə bilməz, çünki bu xaosun birbaşa səbəbkarı elə 1992–93-cü illərin məsuliyyətsiz müxalif idarəçiliyi idi.
Bugünkü Azərbaycan isə Cənub Qaz Dəhlizi vasitəsilə 12 ölkəyə qaz ixrac edir, 350 milyard dollardan artıq sərmayə cəlb etmiş bir iqtisadi gücdür, Xankəndidə, Şuşada, Ağdamda beynəlxalq tədbirlər keçirən siyasi mərkəzə çevrilib.
Bu, xaosdan sabitliyə, təfriqədən gücə gedən yolun adıdır. Və bu yol Heydər Əliyevin “əvvəl dövlət, sonra iqtidar” prinsipinin gerçəyə çevrilməsi ilə mümkün oldu.
Daxildə bəzi müxalif siyasi çevrələr, xaricdə isə diaspora adı altında gizlənən müəyyən qruplar bu uğurları “PR”, “təmtəraq”, “şou” adlandırmağa çalışırlar. Onlara görə Xankəndidə ECO tədbiri yox, “yüksək səviyyəli görüntü” olub. Halbuki bu insanlar beynəlxalq siyasətin necə işlədiyini anlamır ya da bilərəkdən danırlar.
Əgər Xankəndidə 10-dan artıq ölkənin prezidentləri və baş nazirləri toplaşırsa, COP29 kimi nəhəng tədbir bu məkanla əlaqələndirilirsə, Şuşada ECO Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında Qadınlar Forumu keçirilirsə, bu artıq yalnız zəfərin yox, beynəlxalq leqitimliyinin də rəmzidir.
Bu reallığı xaricdə oturub “həqiqət axtaran”, əslində isə “qaralama ilə məşğul olan” müxalif aktivistlər nə qədər inkar etsə də, xalq bunu canlı görür və qiymətləndirir.
Heydər Əliyev zamanında Azərbaycanı parçalanmaqdan xilas edərək güclü dövlət təməlləri qoydu. O dövrdə müxalifət parçalanmış, şəxsi ambisiya ilə idarə olunan və radikal təcrübəsizliklə yüklənmişdi.
Prezident İlham Əliyev bu siyasi xətti dövlətçilik məktəbinə çevirdi:
-Azərbaycanın enerji xəritəsində ön mövqeyini bərpa etdi,
-Zəfərlə nəticələnən 44 günlük müharibədə real nəticə əldə etdi,
-Qarabağı beynəlxalq tədbirlərin, strateji tərəfdaşlıqların mərkəzinə çevirdi.
Bu gün Azərbaycan-Özbəkistan münasibətləri, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıqlar Heydər Əliyevin siyasi baxışlarının İlham Əliyev dövründə müttəfiqlik səviyyəsinə çatmasıdır.
Əlbəttə, heç bir siyasi sistem ideal deyil, heç bir dövlət səhvsiz deyil. Amma tənqidlə inkarçılıq arasında fərq var. Müxalifət əgər milli maraqları düşünürsə, gərək xalqın gözü ilə baxmağı bacarsın.
Bu gün Qarabağda Azərbaycan bayrağı ilə yanaşı beynəlxalq forumlarda iştirak edən digər dövlətlərin bayraqları dalğalanırsa bu qələbə təkcə bir siyasi qüvvənin deyil, bütöv bir xalqın uğurudur.
Müxalif düşüncə bu uğura kölgə salmağa çalışdıqda, əslində xalqın zəhmətinə, şəhidlərin ruhuna və tarixi mübarizəyə kölgə salmış olur.
Azərbaycanın bu gün gəldiyi nöqtə sabitlik, suverenlik, nüfuz və rifah təsadüfi deyil. Bu, fədakar zəhmət, strateji baxış və dövlətçilik varisliyinin məntiqi nəticəsidir. Müxalifət bu həqiqəti nə qədər tez anlasa, bir o qədər faydalı və hörmətli olar. Heydər Əliyevin siyasəti təkcə keçmişin irsi deyil, gələcəyin yol xəritəsidir. Onu gözdən salmağa çalışanlar isə gələcəyin qarşısına daş qoymaq istəyənlərdir. Xalq isə bu daşları çoxdan yolundan təmizləyib.
Sadiq QURBANOV / Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri