Ermənistan Cənubi Qafqazda sülhün qurulmasında maraqlıdır.
"Report" yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Çin Mərkəzi Televiziyasına (CGTN) müsahibəsində bildirib.
"Biz təkcə sərhədlərimizdə deyil, digər regionlarda və daha geniş coğrafiyalarda da sülhün qurulmasına can atırıq. Bu mənada bizim yanaşmalarımız Çinin yanaşmalarına çox yaxındır. Biz Azərbaycanla danışıqlar aparırıq", - o qeyd edib.
A.Mirzoyanın sözlərinə görə, tərəflər sülh sazişinin layihəsi üzrə razılığa gəliblər.
"İndi biz bu sazişi imzalamağa və sonra ratifikasiya etməyə hazırıq. Eyni zamanda, qərb qonşumuz olan Türkiyə ilə münasibətlərimizi nizamlamağa çalışırıq", - XİN başçısı bildirib.