İyulun 1-də Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən icra olunan “Azərbaycan QHT-lərinin BMT-də təmsilçilik imkanlarının artırılmasına dəstək” layihəsinin açılış tədbiri keçirilib. Azərbaycan Milli QHT Forumunun ofisində keçirilən tədbirdə ilk olaraq Milli QHT Forumunun prezidenti Ramil İskəndərli ev sahibi və layihənin əsas icraçı tərəfdaşı kimi iştirakçıları salamlayaraq QHT-lərin layihəyə olan marağını yüksək olduğunu qeyd edib:
“Forum olaraq hər zaman bu cür önəmli və faydalı layihələrin həyata keçirilməsini dəstəkləyirik. Sevindirici haldır ki, QHT-lərimiz beynəlxalq səviyyədə təmsil olunmaqda maraqlıdırlar və bu təlimlərdə iştirak edirlər. Son zamanlar QHT-lərimizin xüsusi fəallığını ayrıca qeyd etmək istərdim. Artıq Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları öz səsini qlobal səviyyəyə daşıyır və müxtəlif platformalarda təmsil olunmağa can atırlar.”
Daha sonra BAMF prezidenti Umud Mirzəyev çıxış edib. Tədbirə ev sahibliyi etdiyinə görə Milli QHT Forumuna təşəkkür edən Umud Mirzəyev QHT-lərin beynəlxalq platformalarda təmsilçilik imkanlarından və layihənin əhəmiyyətindən danışıb:
“Bu gün sürətlə dəyişən dünyada qeyri-hökumət təşkilatlarının şəbəkələşməsi və müxtəlif sahələr üzrə fəal iştirakı qlobal səviyyədə sülh, ədalət və dayanıqlı inkişaf məqsədlərinin təşviqində mühüm rol oynayır. QHT-lər beynəlxalq platformalarda öz səslərini çatdırmaqla yalnız yerli cəmiyyətlərə deyil, həm də bütün bəşəriyyətə töhfə verirlər. Xüsusən, BMT kimi nüfuzlu və sistemləşmiş bir qurumda təmsil olunmaq daha böyük təsir yarada və konkret nəticələr verə bilir. Bu layihəmizin də əsas məqsədi yerli QHT-lərə öz təsir dairələrini genişlətməyə, beynəlxalq platformalarda təmsil olunmağa və xüsusilə, BMT-nin İqtisadi və Sosial şurasında üzvlük qazanmağa dəstək olmaqdır. Bu gün həqiqətən də Azərbaycan QHT-lərinin qlobal səviyyədə təmsil olunması üçün real imkanlar və möhkəm təməl mövcuddur.”
Çıxışların ardınca reqlamentə uyğun olaraq insan hüquqları üzrə təlimçi-ekspert Sahib Məmmədov tərəfindən ilk təlimi keçirilib. BMT-nin müqavilə və nizamnamə mexanizmlərinə həsr olunan birinci sessiyada sorğu vasitəsilə seçilmiş 20 QHT nümayəndəsi iştirak edib.
Təlimin sonunda Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələr üzrə məsul əməkdaşı Mehti Mehtiyev təşkilatçılara və iştirakçılara təşəkkür edib və agentliyin bu istiqamətdə olan strategiyasından danışıb:
“Agentlik olaraq son illər beynəlxalq istiqamətdə atılan addımlara və təşəbbüslərə xüsusi diqqət ayırırıq. Ötən ilin noyabrında keçirilən COP29 konfransında və bu il baş tutan Qlobal Cənub Platformasında agentlik QHT-lərin fəaliyyətinə maksimum dəstək verməyə çalışdı. Bu qarşılıqlı əməkdaşlıq nəticəsində biz çox yaxşı nəticələr əldə etdik. Biz inanırıq ki, bu layihə də həmin təşəbbüslərdən biri kimi öz sözünü deyəcək.”
Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycan QHT-lərinin beynəlxalq səviyyədə təmsilçiliyini artırmaq, onların BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) məşvərətçi status əldə etmələrinə, BMT-nin müqavilə və nizamnamə mexanizmlərinin iş prinsiplərini öyrənmələrinə və müxtəlif istiqamətlərdə beynəlxalq hesabatlar hazırlamalarına dəstək olmaqdır. Ümumilikdə 12 sessiya nəzərdə tutulan təlimlər avqust ayının sonunadək davam edəcək. Layihənin sonunda təlimləri uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.
ednews.net









