İranla İsraili atəşkəsə kim razı salıb? - TƏFƏRRÜAT

İranla İsraili atəşkəsə kim razı salıb? -  TƏFƏRRÜAT backend

ABŞ Prezidenti Donald Tramp Qətərə İsrailin atəşkəsə razı olduğunu bildirib və Tehranın bu təklifi qəbul etməsinə yardımçı olmağı xahiş edib.

Bu barədə "Reuters" agentliyi xəbər yayıb.

Bildirilir ki, İranın ABŞ-nin "Əl-Üdeyd" hərbi bazasına endirdiyi zərbədən sonra Qətər rəsmiləri ilə Tehran arasında telefon danışığı baş tutub. Bu danışıqlardan sonra Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Al Tani İranı ABŞ-nin atəşkəs təklifini qəbul etməyə razı sala bilib.

"Axios" portalının məlumatına görə, ABŞ bazasına hücumdan dərhal sonra İran Ağ Evə bildirib ki, daha zərbə endirməyəcək. Cavab olaraq Vaşinqton da İrana qarşı hücum etməyəcəyini və danışıqlara açıq olduğunu bəyan edib.

CNN bildirir ki, Tramp həm İsrailin Baş naziri Benyamin Netanyahu, həm də Qətər əmiri Təmim bin Həməd Al Tani ilə telefon danışığı aparıb. ABŞ-nin vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və xüsusi elçi Stiv Uitkoff isə İran rəsmiləri ilə təmas qurublar.

Ağ Evdəki yüksəkvəzifəli bir rəsminin sözlərinə görə, İsrail atəşkəsə yalnız Tehranın hücumları dayandırması şərti ilə razı olub. İran isə bu şərtləri qəbul edib.

Tramp bəyan edib ki, atəşkəs əvvəlcə İran tərəfindən həyata keçiriləcək, 12 saat sonra isə İsrail hücumları dayandıracaq. O əlavə edib ki, 24 saat ərzində dünya 12 günlük müharibənin rəsmi sonunu qeyd edəcək.

Bununla belə, İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, hələlik atəşkəsə dair rəsmi razılaşma yoxdur. O, öncə bildirib ki, əgər İsrail Tehran vaxtı ilə saat 04:00-a (Bakı vaxtı ilə 04:30) qədər hücumları dayandırsa, İran da hücumlara son verəcək. Səhər 05:03-də isə "X" hesabında paylaşım edərək, əməliyyatların başa çatdığını bildirib. Bundan bir neçə dəqiqə sonra isə İsrailin Müdafiə Ordusu (SAXAL) İran tərəfindən ölkənin yenidən raketlə atəşə tutulduğunu açıqlayıb. Artıq hücum nəticəsində Beer-Şeva şəhərində ölənlər və yaralılar var.

Oxu.az

Diaspora