Vaşinqtonda yeni hərbi-siyasi qalmaqal yaşanır. APA TV-nin məlumatına görə, "The New York Times" qəzeti Pentaqonun 2014-cü ildə açıqladığı hesabatda İŞİD-in malik olduğu real gücü bilərəkdən gizlətdiyini üzə çıxarıb.
Nəşr bildirir ki, hazırda Pentaqon daxilində Ağ Evin necə aldadıldığını aşkarlamaq məqsədilə araşdırma aparılır. Eyni zamanda qəzet Pentaqonda aparılan araşdırmanın təfərrüatlarını da əldə edib. Məlum olub ki, bir il öncə Pentaqon öz məxfi hesabatına Amerikalı təlimatçıların uğursuzluğunu pərdələmək məqsədilə İŞİD-in malik olduğu gücün real həcmi barədə bilərəkdən yalan məlumat daxil edib.
İŞİD tərəfindən İraqdakı şəhərlərin ələ keçirilməsi zamanı Mərkəzi Komandanlığın rəhbərlik və kəşfiyyat üçün nəzərdə tutulan hesabatında İraq ordusunun rüsvayçı məğlubiyyəti barəsində məlumatlar əks olunub. Lakin analitiklər həmin hesabat sənədində İraq ordusunun heç də məğlub olmadığı, sadəcə, mövqe dəyişikliyi etdiyini göstərib. Pentaqon məxfi məlumatların hansı yolla yayılmasını araşdırır. Bu məsələdə iki yüksək rütbəli zabitdən şübhələnildiyi bildirilir. Onlar general-leytenant Stiven Qrov və onun müavini Qreqori Rikmendir.
Pentaqon məsələnin araşdırılması məqsədilə adı çəkilən şəxslərin kompüterlərini müsadirə edib. Nümayəndələr Palatası Kəşfiyyat Komitəsinin sədri Devin Nunyes məsələni sonunadək araşdırmaqda israrlıdır: "Bizim konkret işlə məşğul olan insanlardan eşitdiyimiz yalnız qorxunc kəşfiyyat hesabatlarıdır. Lakin, bizi daha çox narahat edən prezident və digər rəsmilərdən eşitdiyimiz bəyanatlardır. Onların ictimaiyyət arasında verdiyi bəyanatlar heç bir halda reallıqla uzlaşmır".
Hərbi Kosmik Qüvvələrinin İŞİD-in cəmləşdiyi əsas məntəqələr hesab olunan Rakka və Deyr əz-Zor şəhərlərini bombalaması fonunda Barak Obamanın Rusiyanın İŞİD-ə qarşı addımlarını tənqid etməsindən onun bu məsələlərdən az məlumatlı olduğu sezilirdi. Buradan görünür ki, Parisdəki terror aktları, Sinay üzərində Rusiyaya məxsus təyyarənin partladılması və bir-birinin ardınca Avropa şəhərlərini bürüyən vahimənin fonunda Bəşər Əsəd yenə də Birləşmiş Ştatlar üçün prioritet problem olaraq qalmaqdadır.