Lu Mey: Azərbaycan Prezidentinin Çinə səfəri Bakı-Pekin münasibətlərində yeni səhifə açır

Lu Mey: Azərbaycan Prezidentinin Çinə səfəri Bakı-Pekin münasibətlərində yeni səhifə açır backend

Azərbaycan Prezidenti İlham Əliyevin apreldə Çinə səfəri, həmçinin bu ölkənin sədri Si Cinpinin iştirakı ilə bir sıra sənədlərin imzalanması Bakı və Pekinin münasibətlərində yeni tarixi səhifə açır.

“Report” xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey bildirib.

Onun sözlərinə görə, son illər iki ölkənin liderlərinin strateji baxışı sayəsində Bakı və Pekin arasında hərtərəfli əməkdaşlıq daha sürətli templə inkişaf edir.

"Keçən ay Azərbaycan Prezidenti İlham Əliyev Çinə üçüncü dövlət səfərini həyata keçirib. Çin Sədri Si Cinpin və Prezident İlham Əliyev iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyanat imzalayıblar ki, bu da Çin-Azərbaycan münasibətlərində yeni tarixi səhifə açır. Səfər zamanı Çin və Azərbaycan arasında "Bir kəmər, bir yol" təşəbbüsü, "yaşıl inkişaf", rəqəmsal iqtisadiyyat, beynəlxalq mülkiyyət hüquqları, viza rejiminin ləğvi və digər sahələrdə əməkdaşlıq haqqında 20 sənəd imzalanıb", - o bildirib.

Diplomat vurğulayıb ki, hazırda iki ölkə arasında yüksək səviyyəli təmaslar tez-tez baş verir: "Qarşılıqlı siyasi etimad artır, ticarət və investisiya əməkdaşlığı genişlənir, ikitərəfli ticarətin həcmi yeni göstəricilərə çatır".

Lu Mey qeyd edib ki, Azərbaycan və Çin "Bir kəmər, bir yol" təşəbbüsünün birgə həyata keçirilməsində, xüsusilə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) və “Çin-Avropa Dəmir Yolu Ekspressi” üzrə əməkdaşlıqda böyük uğurlar əldə edib.

"Mən Çinin Azərbaycanda sayca onuncu səfiriyəm. Öz missiyamdan böyük şərəf duyuram və onun üzərimə qoyduğu məsuliyyəti dərindən dərk edirəm", - o vurğulayıb və əlavə edib ki, Bakıda səfir vəzifəsində olduğu müddətdə Çin-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcək.

Diaspora