Azərbaycanın tolerantlıq modeli İsveç üçün maraqlıdır. Bu fikri Stokholmda keçirilən “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda konfransın iştirakçısı, İsveçin Azərbaycanda yeni təyin olunmuş səfiri İnqrid Tersman AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib.
İnqrid Tersman belə bir konfransda iştirak etməsindən çox şad olduğunu bildirib. O, Azərbaycanda gedən proseslərlə bağlı çox maraqlı faktlar eşitdiyini diqqətə çatdırıb. “Bu tədbirə qatılan insanların sayını nəzərə alsaq, multikulturalizm məsələsinin İsveç ictimaiyyəti üçün necə maraq kəsb etdiyi görərik. Hesab edirəm ki, belə tədbirlərdə Azərbaycan və İsveç öz müsbət təcrübələrini bölüşə bilərlər”, - deyə İ. Tersman əlavə edib. O, son vaxtlar dünyanın bir çox ölkələrində qeyri-tolerantlıq hallarının çoxaldığını, cəmiyyətlərdə mənfi tendensiyaların artdığını vurğulayaraq, belə bir vaxtda Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin daha dərindən öyrənilməsinın əhəmiyyətini qeyd edib.