Rumıniya prezidenti Nikuzor Danın Ukraynaya qoşun göndərməkdən imtina etməsi həm daxili siyasi əhval-ruhiyyənin, həm də NATO qarşısında öhdəliklərin nəzərə alınması zərurəti ilə bağlıdır.
Qaziler.az xəbər verir ki, bunu rusiyalı politoloq Leonid Vasilyev “FederalPress”ə müsahibəsində bildirib. Onun sözlərinə görə, Rumıniya lideri Qərb müttəfiqlərinin siyasətinə uyğun olaraq əhalinin dəstəyini saxlamağa çalışır.
“Nikuzor Dan daxili və xarici siyasət problemləri səbəbindən öz mövqeyini balanslaşdırmağa məcburdur. Əksər Avropa ölkələrində olduğu kimi, Rumıniyada da demokratiya böhranı yaşanır”, - ekspert izah edib.
Politoloq qeyd edib ki, qoşun göndərməkdən imtina milli maraqlar mövzusundan istifadə edən müxalifətin gündəmini ələ keçirmək cəhdidir. Eyni zamanda, Rumıniyanın Kiyevə dəstəyini davam etdirməyə, o cümlədən hərbi təlimlərə, Qara dənizin minalardan təmizlənməsinə və ixrac logistikasına hazır olması NATO-nun ümumi strategiyasına sadiqliyini göstərir.
“Bununla belə, imtina qərarı daxili siyasətdən və ya nüfuzlu qüvvələrin təzyiqindən asılı olaraq dəyişə bilər”, - Vasilyev əlavə edib.
Firuzə Alimova / QAZİLER.AZ