ATƏT Parlament Assambleyasının prezidenti İlka Kanevra ATƏT-i Azərbaycanda bağlanan ofisini yenidən açmağa çağırıb. APA xəbər verir ki, bu barədə o, ATƏT Daimi Şurasının iclasındakı çıxışında deyib.
İ. Kanerva bildirib ki, ATƏT yerlərdə daha çox nümayəndəlik açmalıdır: “ATƏT-in yerlərdə çoxillik büdcə və mandatı olan daha çox nümayəndəliyinin olmasına ehtiyac var. Mən və mənim həmkarlarım ATƏT-i Azərbaycan və Gürcüstanda nümayəndəliklərini yenidən açmağa çağırırıq”.Virtualaz.org xatırladır ki, ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Azərbaycanda fəaliyyətini iyulun 4-dən etibarən dayandırıb. Rəsmi Bakının ATƏT-ə qarşı atdığı bu addım heç də təsadüf və göydəndüşmə deyildi. Bununla bağlı Azərbaycanın öz səbəbləri və haqlı əsasları vardı.
Yeri gəlmişkən, politoloqlar o vaxt bunu ATƏT-in Bakı ofisi və nümayəndəliyinin fəaliyyəti dövründə Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsində hər hansı irəliləyişə nail olmaması ilə bağlayırdılar.
Hesab edirdilər ki, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gördüyü işlərin nəticələri sıfıra bərabərdir: “Ortada heç bir real nəticə yoxdur. Ermənistan yenə də aqressiv siyasətini davam etdirir. İşğalçı dövlətə qarşı münasibətdə təzyiq, sanksiya tətbiq edilmir. Bir çox hallarda isə işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoyulur”.
Qeyd edirdilər ki, bu vəziyyətin özünün reallaşmasında ATƏT-in Bakı ofisinin də “xidmətləri” az deyil. Yəni, münaqişənin tənzimlənməsində real həqiqətlərin Helsinkiyə çatdırılmasında və ATƏT-in məlumatlandırılması işində Bakı ofisi lazımı səviyyədə işi qura bilməmişdi.
Bundan başqa vurğulanırdı ki, bu ofis bir çox hallarda özünə aid olan işlərlə deyil, daha çox neqativ proseslərdə təmsilçiliklə yadda qalıb.
Və bütün bunların nəticəsi idi ki, iki il əvvəl Bakı ATƏT nümayəndəliyinin səviyyəsi səfirlik səviyyəsindən ATƏT-in layihələr koordinatoru səviyyəsinə qədər azaldılmışdı.
Sonda isə Azərbaycan hökuməti ATƏT-in Bakıdakı Layihələr Koordinatorunun fəaliyyətinin dayandırılması ilə bağlı ATƏT-in Vyanadakı baş ofisinə rəsmi məktub göndərdi.
Məktubda deyilirdi ki, Azərbaycan hökuməti artıq ATƏT-in Layihələr Koordinatorluğunun Bakıda fəaliyyəti üçün zərurət görmür. Buna görə Azərbaycan hökuməti 2015-ci il iyunun 4-dən etibarən Azərbaycan hökuməti və ATƏT arasında bağlanmış “ATƏT-in Bakıda Layihələr Koordinatoru haqqında qarşılıqlı anlaşma Memorandumu"nu qüvvədən düşmüş hesab edir.