"Putinin İstanbula gəlməməsinin əsas səbəbi Zelenskini qanuni prezident olaraq qəbul etməməsidir. Bunun da səbəbi Zelenskinin prezident seçkisini təxirə salması ilə dövlət başçısı statusunu itirməsidir. Dolayısı ilə bu amil başda olmaqla, həm də digər səbəblərə görə Putin İstanbula Zelenski ilə görüşə gəlmədi".
Bunu Oxu.Az-a açıqlamasında bu gün İstanbulda keçirilməsi gözlənilən Rusiya-Ukrayna görüşünü şərh edərkən türkiyəli tarixçi alim, politoloq Mehmet Perinçek deyib.
Onun sözlərinə görə, Avropanın aparıcı dövlətləri İstanbul danışıqlarının uğurla yekunlaşmasına mane olmağa çalışırlar:
"Xüsusən də Ukraynaya silah yardımını davam etdirərək və Rusiya ilə sülh müqaviləsi imzalamaq əvəzinə, Kiyevi müharibəni uzatmağa təhrik edərək. Avropanın sülhdə maraqlı olmadığı açıq-aydın nümayiş olunur. Hətta 2022-ci ildəki İstanbul danışıqlarında əldə olunan razılaşmanı da Böyük Britaniyanın ovaxtkı baş naziri Boris Conson pozmuşdu. Bunu da məhz ukraynalı rəsmilər özləri etiraf etmişdilər. İndi də analoji proseslərin davam etdiyi görünür".
"Bu danışıqlarda Türkiyə əhəmiyyətli rol oynaya bilir. Yəni Ankaranın vasitəçiliyi ilə Kiyev administrasiyası Avropanın aparıcı dövlətlərinin destruktiv fəaliyyətlərindən uzaqlaşıb danışıqlar masasına otursa, bu, atəşkəs və sülhün əldə olunmasına mühüm töhfə verəcək.
Bu gün Ukrayna böhranı iki fərqli cəbhə formalaşdırıb. Bunlardan biri ABŞ və Rusiyanın göstərdiyi sülh təşəbbüsləri, digəri isə müharibəni uzatmaq istəyən Avropa dövlətlərinin təhrikedici addımlarıdır. Təbii ki, Türkiyə bu prosesdə sülh tərəfdarı mövqeyini ortaya qoymalı və Kiyev hökuməti üzərindən həyata keçirilən təxribatçı fəaliyyətlərin qarşısını alıb, Ukraynanın danışıqlar masasına oturmasında rol almalıdır", - deyə müsahibimiz əlavə edib.