Əsirlikdə olmuş Xocalı sakini “Əl-Cəzirə”yə müsahibə verib

Əsirlikdə olmuş Xocalı sakini “Əl-Cəzirə”yə müsahibə verib backend

1992-ci ildə baş vermiş Xocalı qətliamı zamanı əsir düşən musiqiçi Valeh Hüseynov o gün əsir alınmasının, bir daha gitara çala bilməməsi üçün ona verilən işgəncələrin və əsirlikdən necə xilas olmasının təfərrüatlarını Qatarın “əl-Cəzirə” kanalına danışıb.

Avropa Azərbaycan Cəmiyyətindən (AAC) APA-ya verilən məlumata görə, AAC Heydər Əliyev Fondunun prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropanın 12 şəhərində tədbirlər təşkil edir.

Xocalı qətliamı qurbanlarının xatirəsini yad etmək üçün təşkil olunan tədbirlərdən biri də fevralın 23-də İstanbulda “Sonsuz dəhliz” filminin nümayişi olub.

Filmdə 1992-ci il fevralın 26-da baş verən Xocalı faciəsi şahidlərinin həyatından bəzi anlar göstərilir. Bu şahidlərdən biri də Valeh Hüseynovdur. O, həmin gün olanları, həyat yoldaşını xilas etməyə çalışarkən necə əsir alındığını, ermənilərin bu əsirin musiqiçi olduğunu bilib ona verdikləri işgəncələri və necə xilas olduğunu “əl-Cəzirə” kanalına danışıb.

“Mingəçevir şəhərində yaşayırdım, musiqi ilə məşğul olurdum. Eşitdim ki, Xocalıda atışmalar başlayıb. Doğulub böyüdüyüm şəhəri qorumaq üçün Xocalıya qayıtdım. Onda 23 yaşım var idi. Gündüzlər bankda işləyirdim, gecələr isə səngərdə keşik çəkirdim. Fürsət düşəndə də gitara çalmağa davam edirdim. Sonra isə Səadətlə evləndim” - deyə Valeh Hüseynov bildirib.

Valeh doğma yurdunu və ailəsini qorumaq üçün getdiyi Xocalıda evlənəndən 5 ay sonra erməni milisləri şəhərə daxil olublar. V.Hüseynov deyir ki, həmin gecə səngərdə deyildi, evdə həyat yoldaşı ilə birlikdə imiş: “Silahımız çox az idi, demək olar ki, yox dərəcəsində idi. Ermənilər isə şəhərə tanklarla girmişdilər. Ona görə də şəhəri tərk etmək qərarına gəldik.

Ermənilər hər tərəfdən tanklarla hücuma keçdilər. Camaat meşəyə doğru qaçdı. Biz bütün qadınları, uşaqları və yaşlıları Qarqar çayına tərəf apardıq. Hamını ora yığandan sonra birlikdə çayı keçdik. Dağlarla və meşəliklə 10 km yol getdik. Yerdə qar var idi, yollar donub buz bağlamışdı, hava çox soyuq idi. İnsanların çoxu soyuqdan donub öldü. Yaşlılar yeriyə bilmirdi, yıxılıb yarı yolda qalırdılar. Ağdam şəhərinə 3-4 km məsafə qalmışdı ki, meşə yolu qurtardı. Dağlıq və düzənlik yollar qalmışdı. Bu zaman ermənilər hər tərəfdən atəş açmağa başladılar. İnsanları o düzənlikdə güllələdilər. Həyat yoldaşımın cəsədini çıxara bilmək üçün iki saat gülləbaran altında gözlədim”.

V. Hüseynov dərindən ah çəkərək o gecə yaşadığı dəhşəti anlatmaqda davam edir. Gücü tükənənlərin və yardım etdiyi insanların hamısını bir-bir xatırlayır. Valeh deyir ki, əli silah tutan kişilər düzənlikdə Ağdama gedib çatmağın mümkün olmadığını görüncə özlərini digər insanlara sipər etdilər və ermənilərlə atışmağa başladılar, bunun sayəsində də çoxlu qadın və uşaq qaçıb xilas ola bildi.

Ancaq o qarmaqarışıqlıq və qaçhaqaçda Valehin həyat yoldaşı geridə qalıb: “Mən həyat yoldaşıma dedim ki, sən camaatla birlikdə get, mən atışmada iştirak edirəm ki, ermənilərin başını qataq, hamı rahat gedə bilsin, Ağdamda görüşərik.

Atışma sona çatdı, yaralanıb-eləmədən xilas oldum, bir neçə yoldaşımla birlikdə gedib Ağdama çatdıq. Gördüm ki, həyat yoldaşım orada deyil. Ondan harada ayrılmışamsa, elə orada da qalıb. Ağdama gedib çatanlar mənə belə dedilər: “Həyat yoldaşın gələ bilmədi, güllə səslərindən qorxdu, orada qaldı”.

Mən həmin yolla geri qayıtdım və həyat yoldaşımı tapdım. Onun yanında başqa qadınlar və uşaqlar da var idi. Sürünə-sürünə Ağdama tərəf getməyə başladıq. Şəhərə çatmağa 500-600 metr qalmışdı ki, ermənilərin bizə pusqu qurduğunu öyrəndik. Bizə dörd bir tərəfdən atəş açdılar. Həyat yoldaşım qarnından güllə yarası aldı və elə oradaca şəhid oldu.

Həyat yoldaşımın cəsədini götürə bilmək üçün orada qaldım, təxminən iki saat gülləbaran altında gözlədim. Atışma dayandı və ermənilər hər tərəfdən bizə yaxınlaşmağa başladılar. Gülləm qurtarmışdı. Ermənilərdən bir cavan oğlan bizim yanımıza yaxınlaşdı. Belimdəki bıçağı çıxarıb onun üstünə cumdum. O qaçdı, hirsimdən onun ardınca getdim. Mən onun ardınca gedərkən başqa bir erməni silahın süngüsü ilə başıma zərbə endirdi, huşumu itirdim. Gözümü açdığım zaman yerdə idim, məni döyürdülər. Sonra bütün əsirləri götürüb apardılar”.

“Əllərimin içi orada qaldı”

Hüseynov həyat yoldaşının cəsədini çıxarmağa nail olmadan erməni milislərinin əsiri kimi yaxınlıqdakı bir milis şöbəsinə aparılıb. Orada onunla birlikdə 11 nəfər də var idi. Onların demək olar ki, hamısı qadınlar və uşaqlar olub.

Valeh 27 gün əsirlikdə qalıb. Valehə verilən ən böyük işgəncə o idi ki, bir daha gitara çala bilməməsi üçün onun əllərini yandırmışdılar.

V.Hüseynov həmin əzablı günlərini belə xatırlayır: “Məni zindanda hər gün döyürdülər. Gündə 4-5 dəfə 15-20 erməni əsgəri gəlib məni döyürdü. Haradan öyrəndiklərini bilmirəm, amma bir gün bildim ki, gitara çaldığımı öyrəniblər. Orada qaz sobası vardı, məni ona doğru itələdilər. İki əlimlə qaz sobasına toxununca soba yerə aşdı. Yıxıldım, əllərim yerə dəydi, onlar əllərimin üstünə çıxdı, ayaqları ilə sıxıb barmaqlarımı sındırdılar, sonra da dırnaqlarımı dartıb çıxardılar.

Daha sonra qaz sobasını göstərib “bunu düzəlt” dedilər. Soba yanırdı, qıpqırmızı idi. Yerdən bir əski parçası tapıb qaz sobasını düzəltdim, əllərim bir az da yandı. Gördülər ki, əllərim yetərincə yanmayıb, əllərimdən yapışıb sobaya basdılar. Huşumu itirdim. Gözləri açdığım zaman əllərim dəhşətli dərəcədə göynəyib ağrıyırdı. Başım, gözüm qan içində idi. Qabırğalarımı və dişlərimi də sındırmışdılar”.

V. Hüseynov özünə gələndən sonra bütün bədəninin titrədiyini, əllərinin isə yandığını hiss edib. O danışır ki, həmin anlarda əllərini söykəmək, dəhşətli ağrını azaltmaq üçün soyuq bir yer axtarıb: “Saxlandığım hücrənin içindən su boruları keçirdi, borular donmuşdu. Hər iki əlimlə borulardan yapışdım, soyuq çox yaxşı təsir elədi. O şəkildə də yuxuya getmişəm. Bir də onda ayıldım ki, əllərim boruya yapışıb, qopara bilmirəm. Ermənilər gəlib bunu görəndə məni ayaqlarımdan tutub dartdılar. Elə dartdılar ki, əllərimin içi qopub orada qaldı...”

Bir gecəlik azadlıq

Bir neçə gün davam edən amansız işgəncələrdən sonra ermənilər V. Hüseynovun uzun zaman ayılmadığını görüb, öldüyünü düşünüblər. Sonra da onu bir dağdan aşağıya atıblar. Valeh deyir ki, dağdan aşağı atıldığını yaxşı xatırlayır, amma həmin an gözlərini açmağa taqəti olmayıb.

Yerə düşdüyü zaman xilas olduğunu hesab edən V. Hüseynov deyir ki, ayağa qalxmağa çalışıb. Amma ermənilər onun sağ olduğunun fərqinə vardığı üçün bu “azadlığı” qısa sürüb: “Dağdan aşağıya yuvarlanandan bir az sonra hiss etdim ki, çox da dərin olmayan bir suyun içindəyəm. Sudan çıxa bilmədim, hətta gözümü də aça bilmədim. Səhər açılanda sudan çıxmaq üçün çabaladım. Bu zaman sən demə, erməni əsgərləri yenə dağın başına gəliblərmiş. Onlar qalxmağa çalışdığımı görən kimi məni yenə də tutub hücrəyə apardılar”.

Valeh ikinci əsirliyi ilə birgə 27 gün davam edən əsarətdən sonra azərbaycanlı milislər tərəfindən əsir alınan üç erməni qadının qarşılığında azad edilib. V. Hüseynov deyir ki, o, əsirlikdə olarkən atası 18 yaşlı həyat yoldaşı Səadətin cəsədini götürərək Ağdamda dəfn edibmiş.

“Əllərim dörd il açılmadı”

Əsirlikdən azad olunandan sonra Gəncədə xəstəxanaya yerləşdirilən Valeh Hüseynov 4 il orada müalicə olunub. Valeh sağalmaq üçün çabaladığı o günlərdən danışarkən əllərini dua edirmişcəsinə qaldırıb göstərir: “Əllərim dörd il beləcə qaldı. Barmaqlarımı aça bilmirdim. Gitaranı əlimə götürə bilmirdim...”

Nəhayət, həkimlər Valehin barmaqlarını yenidən sındırıb sonra düzəldiblər. Amma ondan sonra da pulu olmadığı üçün gitara ala bilməyib.

V. Hüseynov həmin ağrılı-acılı günlərini belə xatırlayır: “Gitara çalmaq, onu əlimə ala bilmək istəyirdim, amma sağalandan sonra da gitara tapa bilmədim. Televizorda gitara görəndə ağlayırdım. Sonra bir tanışımın köhnə gitarasını aldım. Toylarda çalmağa başladım. Çörək pulumu bu yolla qazanırdım. O vaxtlar Azərbaycanda demək olar ki, dövlət yox idi. Heç kim sabah başına nə gələcəyini bilmirdi. Bugünkü kimi olsaydı, dövlət yardım göstərərdi. Amma o zaman vəziyyət başqa cür idi”.

“Gedib orada yaşamaq istəyirəm”

Valeh Hüseynov ailəsinin sayəsində bütün çətinliklərin öhdəsindən gəldiyini deyir: “Anam, atam, qardaşlarım xoşbəxt olsunlar deyə güclü olmağa qərar verdim, dözüb dayandım. İnsan mənən güclü olunca ağrıların, acıların bir əhəmiyyəti qalmır”.

1996-cı ildə yenidən ailə həyatı quran V.Hüseynovun üç qızı olub. Valeh indi hər şeyin yaxşı olduğunu, sadəcə bir arzularının qaldığını söyləyir: “Torpaqlarımızı tezliklə geri alacağımıza ümid edirik. Gedib orada yaşamaq istəyirik. Ermənilər bir gün torpaqlarımızı geri qaytaracaq”.

Xocalı qətliamı

Dağlıq Qarabağ Muxtar Vilayətinin Ali Soveti azərbaycanlıların etiraz etdiyi referenduma baxmayaraq, 1992-ci il yanvarın 6-da vilayətin müstəqilliyini elan etdi, sonra da onun Ermənistanın hakimiyyəti altına keçməsi tələbini irəli sürdü. Buna etiraz edən azərbaycanlılarla erməni milisləri arasında uzun illər davam edən qarşıdurmalar daha da gərginləşdi. Erməni milisləri Sovet İttifaqı dağılan zaman bölgədən geri çəkilən rus əsgərlərinin qoyub getdiyi tanklardan istifadə edirdi. Azərbaycan milisləri isə müstəqilliyin ardınca ölkədə yaranan qarışıqlıqda Bakıdan gözlədikləri yardım və dəstəyi ala bilmirdilər.

Azərbaycanlılar yaşayan Xocalı şəhərini və yaxınlıqdakı Ağdamı mühasirəyə alan erməni milisləri bölgədəki yeganə aeroporta gedən yolda həlledici əhəmiyyətə malik Xocalını ələ keçirmək üçün 25 fevral gecəsi şəhərə girdi. Qarşıdurmadan əvvəl 10 min nəfərin yaşadığı bu şəhərdə əhalinin sayı 3 min nəfərə enmişdi. Şəhərdən qaçmağa çalışan azərbaycanlıların yeganə çıxış yolu Ağdama getmək idi.

Xocalı qətliamında 613 nəfər həlak olub. Onların 83-ü uşaq, 106-sı qadın idi. 487 nəfər ağır yaralanıb. 1275 nəfər girov götürülüb.

Qaynaq: “əl-Cəzirə” http://www.aljazeera.com.tr/al-jazeera-ozel/ellerimin-ici-o-hucrede-kaldi
Diaspora