Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Quru Qoşunlarının Komandanı ordu generalı Salih Zeki Çolakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
DSX mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın uğurlu inkişafı xüsusilə vurğulanıb, Azərbaycan Dövlət Sərhəd Xidməti və Türkiyə Quru Qoşunları arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tutduğu vəzifədə ilk xarici səfərini Azərbaycana etdiyini bildirən ordu generalı S.Çolak Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayıb.Görüş zamanı tərəflər arasında sərhəd təhlüsizliyinin möhkəmləndirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, sərhəd təlimlərinin və birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi qeyd olunub.