Pakistanın Baş naziri Nəvaz Şərif Özbəkistanda rəsmi səfərdədir. Nəvaz Şərifin Özbəkistan Prezidenti İslam Kərimovla görüşündə ölkələr arasında siyasi, ticarət-iqtisadi, hərbi-texniki, energetika, nəqliyyat-kommunikasiya, mədəni-humanitar, sərmayə qoyuluşu, insan amili və digər sahələrdə əməkdaşlığın daha da inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Liderlər terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanunu dövriyyəsi ilə mübarizə məsələlərini də müzakirə ediblər.
Görüşdə Əfqanıstan məsələsi diqqət mərkəzində olub. Qeyd edilib ki, Əfqanıstanın ən yaxın qonşuları olan Özbəkistan və Pakistan bu ölkədə sülhün və sabitliyin bərpa edilməsində maraqlıdır. Əfqanıstanda sabitliyin olması ölkələr arasında birbaşa nəqliyyat dəhlizlərinin tikintisinə, gələcəkdə ticarət-iqtisadi əlaqələrin daha da inkişafına imkan yaradardı.
İslam Kərimov və Nəvaz Şərif bu fikirdə həmrəy olduqlarını bildiriblər: Əfqanıstan problemini BMT-nin iştirakı, münaqişə tərəflərini barışdırmaq və siyasi dialoq yolu ilə həll etmək mümkündür.
Bildirilib ki, bu ilin iyul ayında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Başqırdıstanın paytaxtı Ufa şəhərində keçirilən Zirvə görüşündə Pakistanın ŞƏT-ə qəbul edilməsi prosesinin başlanması haqqında qərar qəbul edilib. Bu da ölkələr arasında qarşılıqlı faydalı və çoxtərəfli əməkdaşlığın inkişafı üçün daha bir imkandır.
Nəvaz Şərifin Özbəkistana səfəri davam edir. Noyabrın 18-də Baş nazirin başçılıq etdiyi nümayəndə heyəti qədim Səmərqənd şəhərində olub.