Azərbaycan prezidenti İlham Əliyev Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, dövlət başçısı M. Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-Türkiyə əlaqələrinin daha da genişləndirilməsi işinə yeni təkan verəcəyinə əminliyini bildirib.Türkiyəyə dövlət səfərinin və Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının uğurla keçdiyini məmnunluqla xatırlayan prezident İ. Əliyev səfər zamanı birgə fəaliyyətlə bağlı gələcək planların müzakirəsinin önəmini qeyd edib. Türkiyə-Azərbaycan əlaqələrinin xalqlarımız və region, eləcə də dünya üçün çox böyük əhəmiyyətə malik olduğunu deyən dövlət başçısı ölkələrimiz arasında mövcud birliyin bölgədə sabitliyin təminatçısı olduğunu da vurğulayıb.
M. Çavuşoğlu Türkiyənin xarici işlər naziri kimi ilk rəsmi səfərini Azərbaycana etməsindən məmnunluğunu bildirib. O, prezident İlham Əliyevin Türkiyəyə dövlət səfərinin və Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmini qeyd edib.
Görüşdə Bakı-Tiflis-Qars, TANAP layihələri, hərbi-texniki əməkdaşlıq və əlaqələrimizin digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.