Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Barak Obama arasında baş tutan görüş ərəfəsində ABŞ Konqresmenlərinin Azərbaycan barədə bəyanatı yayılıb. ANS PRESS-in xəbərinə görə, ABŞ Dövlət Katibi Con Kerrinin Bakı Apelyasiya Məhkəməsinin Arif Yunus haqqında son qərarını müsbət qiymətləndirən bəyanatının ardınca, bu addım həmçinin ABŞ Konqresinin bir sıra üzvləri tərəfindən alqışlanıb. Belə ki, ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun həmsədrləri olan konqresmenlər Bil Şuster və Stiv Koen humanizm prinsiplərindən irəli gələn bu məhkəmə qərarını təqdir edib və həmin qərarı ABŞ-Azərbaycan əlaqələrinin gücləndirilməsinə yönəlmiş səylər baxımından müsbət hadisə kimi qiymətləndirib.
Bu mövqeyi eləcə də Konqresin Avropa və Avrasiya alt komitəsinin sədri Deyna Rorabaker bölüşərək, Bakı Apelyasiya Məhkəməsinin Arif Yunus haqqında qərarını düzgün istiqamətdə atılmış addım kimi alqışlayıb. Azərbaycanın ABŞ-ın dəyərli tərəfdaşı olduğunu bildirən konqresmen D. Rorabaker bu kimi tədbirlərin qarşılıqlı münasibətlərin yaxşılaşmasına xidmət etdiyini deyib.