BAMF BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanlı uşaqlarla bağlı bəyanat yayımladı - VİDEO

BAMF BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanlı uşaqlarla bağlı bəyanat yayımladı - VİDEO backend

Martın 27-sində BMT-nin İnsan Hüquqları şurasının 58-ci sessiyası çərçivəsində  Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə  baş tutan “Konflikt zonalarında uşaqların hüquqları” adlı yan tədbirdə  BAMF bəyanat yayıb.

"EDnews" xəbər verir ki, bəyanatda deyilir:

Dünyada milyonlarla uşaq müharibələrin, silahlı münaqişələrin və zorakılığın ağır nəticələrini yaşayır. BMT Baş Katibinin Uşaqlar və Silahlı Münaqişələr üzrə Hesabatına görə, təkcə son onillikdə 300 mindən çox uşaq silahlı münaqişələr nəticəsində həlak olub və ya ağır yaralanıb. Suriyada, Yəməndə, Sudanda, Ukraynada, Qəzzada və digər münaqişə zonalarında uşaqların fundamental hüquqları pozulur – onlar öldürülür, yaralanır, qaçqın və məcburi köçkünə çevrilir, istismara məruz qalır. Uşaqların yaşamaq, təhsil almaq, zorakılıqdan və istismardan qorunmaq, səhiyyə, ailə qayğısı, ifadə azadlığı və onlara təsir edən qərarların qəbulunda əsas hüquqları pozulur, uşaqların müdafiəsi ilə bağlı prioritetlər bəzən sonradan düşünülür.

Dövlət və qeyri-dövlət subyektlərinin uşaq hüquqlarını pozduqlarına dair kifayət qədər sübut mövcuddur. Əldə olunan mənbələr və faktlar göstərir ki, uşaqlar əsgər kimi münaqişələrə cəlb olunur, bəzi hallarda isə dövlətlər uşaqlardan nifrət və ayrı-seçkiliyin davam etdirilməsi üçün alət kimi istifadə edirlər. Evlərindən didərgin düşmüş  qaçqın və məcburi köçkün uşaqlar da öz növbəsində laqeyd münasibətə məruz qalır. Statistik göstəricilər bu uşaqların böyük əksəriyyətinin diqqətdən kənarda qaldığını, həmçinin şəxsi inkişafı üçün zəruri olan bir çox imkandan məhrum olduğunu sübut edir. Bu gün münaqişədən təsirlənmiş uşaqların düşərgə və sığınacaqlarda olan gələcəyi sual altındadır.

Azərbaycanda  uşaqlar uzun illərdir müharibələrin yaratdığı fəsadlara və çətinliklərə məruz qalmışdır. 1988–1989-cu illərdə baş vermiş etnik təmizləmə nəticəsində, on minlərlə uşaq da daxil olmaqla, 300 mindən çox azərbaycanlı öz doğma yurd-yuvasından – Ermənistan ərazisindən deportasiya olunmuşdur. Birinci Qarabağ müharibəsi zamanı yüzlərlə azərbaycanlı uşaq həyatını itirmişdir. Hazırda müharibənin nəticəsi olaraq minlərlə azərbaycanlı uşaq təhsildən məhrumdur, bir çoxu isə müharibənin qoyduğu izlər – qorxu və travma ilə yaşamağa davam edir.

Dünyanın müxtəlif bölgələrində müharibələrin ən ağır yükünü məhz uşaqlar daşıyırlar. Bu silahlı münaqişələrin təsiri, uşaqların harada yaşamasından asılı olmayaraq, onların gələcəyini ciddi şəkildə təhdid edir. Məhz buna görə də pozulmuş uşaq hüquqlarının bərpası və tam şəkildə müdafiəsi vacib və zəruri olmalıdır. Yalnız münaqişələrin sona çatdırılması və sülhün təmin edilməsi yolu ilə uşaqların gələcəyinə təminat verilə bilər.

Beynəlxalq ictimaiyyət bu məsələyə biganə qalmamalı, bu kimi halların aradan qaldırılması istiqamətində səmərəli və konkret addımlar atmalıdır. Sülh yalnız dövlətlərarası danışıqlar yolu ilə yox, həm də vətəndaş cəmiyyəti təşkilatlarının fəal iştirakı ilə mümkün ola bilər. Biz – vətəndaş cəmiyyətinin nümayəndələri olaraq sülhün və insan hüquqlarının müdafiəsi naminə təşviqat və konkret fəaliyyətlər vasitəsilə ardıcıl iştirakımızı davam etdirməliyik. Uşaqların hüquqları, təhlükəsizliyi və rifahı hər zaman prioritet olmalıdır. Ümid edirik ki, dövlətlər münaqişələr zamanı uşaqların müdafiəsi istiqamətində məsuliyyət daşıyaraq lazımi addımlar atmağa başlayacaqlar. Biz dünya ictimaiyyətini bütün müharibələrin dayandırılması üçün daha qətiyyətli addımlar atmağa çağırırıq!

Diaspora