Ruben Vardanyanın votsapda və teleqramda apardığı gizli danışıqlar məhkəmə zalında nümayiş etdirilib

Ruben Vardanyanın votsapda və teleqramda apardığı gizli danışıqlar məhkəmə zalında nümayiş etdirilib backend

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası martın 4-də davam etdirilib.

Apa xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

İclasın əvvəlində Ruben Vardanyanın müdafiəçisi Avraam Berman məhkəməyə müraciət edərək müdafiə etdiyi şəxsə hüquq və vəzifələrinin izahına dair bildirişin təqdim olunması, işin materialları, o cümlədən məhkəmə iclasının protokolları ilə tanış olmaq üçün əlavə şəraitin yaradılması, təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarın rus dilinə tərcümə variantının təqdim olunmasına dair vəsatətləri təqdim edib.

Dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətlərə münasibət bildirərək qeyd edib ki, eyni məzmunlu vəsatətə əvvəlki məhkəmə proseslərində baxılaraq müvafiq qərar qəbul olunub. Belə ki, təqsirləndirilən şəxsə həm ibtidai istintaqın, həm də məhkəmənin gedişində işin materialları ilə tanış olmaq üçün kifayət qədər vaxt verilib. Həmçinin təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izahına dair bildirişlərin, cinayət məsuliyyətinə cəlbetmə haqqında qərarın təqdim olunması işin materialları ilə təsdiq edilir. Bütün bunları nəzərə alaraq prokuror həmin vəsatətlərin baxılmamış saxlanılmasını məhkəmədən xahiş edib.

Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər ittiham tərəfinin mövqeyi ilə razılaşdıqlarını bildiriblər.

Məhkəmə yerində müşavirə keçirərək vəsatətlərə münasibət bildirib.

Zeynal Ağayev qeyd edib ki, təqsirləndirilən şəxsə ibtidai istintaq dövründə hüquq və vəzifələrinin izahına dair bildiriş təqdim olunub və bu hal işin materialları ilə təsdiqlənir. Bundan başqa, həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə hüquq və vəzifələri ətraflı izah olunub, buna dair bildirişlər məhkəmə tərəfindən də ona rəsmi şəkildə təqdim edilib. Həmçinin işin materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə kifayət qədər vaxt verilib. Lakin təqsirləndirilən şəxs işin materiallarında olan sənədlər, o cümlədən məhkəmə iclasının protokolları ilə tanış olmaq istəyirsə, bununla bağlı ona yenidən şərait yaradılacaq.

Daha sonra təqsirləndirilən şəxs Ruben Vardanyana sərbəst ifadə verməsi yenidən təklif olunub. Ruben Vardanyan ifadə verməkdən imtina edib.

Bundan sonra dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxsə ittiham olunduğu cinayət əməlləri üzrə suallar veriblər.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev R.Vardanyandan həmtəsisçisi olduğu, humanitar məqsədlər pərdəsi altında fəaliyyət göstərən təşkilatların təyinatı, məqsədləri, vaxtilə işğal altında olmuş ərazilərdə həyata keçirilmiş layihələr, həmin təşkilatların üzvləri ilə münasibətləri, eləcə də ictimai fəal Mirzə Dinnayinin Azərbaycan Respublikasının vaxtilə işğal altında olmuş suveren ərazisi Qarabağa qanunsuz səfər etməsi, onunla keçirdiyi görüşlər barədə suallar verib.

Sonra təqsirləndirilən şəxsə helikopter tipli pilotsuz uçuş aparatlarının (PUA) alınması və onları istehsal edəcək zavodun inşası üçün texniki sənədlərin əldə edilməsi barədə apardığı danışıqlar, Arman Djilavyan adlı şəxsə zavodun inşası məqsədilə müvafiq sənədlərin alınmasına dair verdiyi tapşırıqlar, bu fəaliyyətin Ermənistan Respublikası ilə razılaşdırması barədə suallar ünvanlanıb.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli təqsirləndirilən şəxs R.Vardanyana “VoMa” terror təşkilatının qurucusu Vartanov Vladimir (Vova) Levanoviçlə münasibəti, aralarında votsap vasitəsilə aparılan yazışmalar və göndərilən səsli mesajlar, təşkilat tərəfindən Ermənistanın nəzarətində olan Qarabağdakı qanunsuz silahlı birləşmələrə təlimlərin keçirilməsinin təşkili və maliyyələşdirilməsi, Vladimir Vartanovun Birinci Qarabağ müharibəsində, 2016-cı ilin aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikası ərazisində Silahlı Qüvvələrimizə qarşı hərbi əməliyyatlarda iştirak etməsi, təşkilatın təlimçiləri barədə suallar verib.

Həmçinin təqsirləndirilən şəxsdən həmin təlimlərin keçirilməsinə Ermənistan tərəfindən razılığın verilib-verilməməsi, buna dair şəraitin kim tərəfindən yaradılması, təlimlərə yetkinlik yaşına çatmayan şəxslərin cəlb olub-olunmaması, o cümlədən R.Vardanyanın bu təlimləri sahibkar və ya qondarma rejmin vəzifəli şəxsi kimi təşkil etməsi və maliyyələşdirməsi soruşulub.

Daha sonra R.Vardanyandan təhlükəsizlik məsələləri üzrə ekspert adı altında fəaliyyət göstərən “27 Komitəsi" hərəkatının təsisçisi və sədri Poqosyan Vladimir Sergeyeviçlə münasibətləri, onunla “Signal” mobil tətbiqi, eləcə də digər mobil tətbiqlər və sosial şəbəkələr vasitəsilə apardığı danışıqlar və yazışmalar, aralarında işbirliyinin olub-olmaması, “düşmən” adlandırdıqları Azərbaycan dövlətini böyük itkilərə məruz qoymaq, hətta zərbə vurmaq məqsədilə “xüsusi əməliyyatlar qüvvələrinin milli mərkəzi”nin yaradılmasının Ermənistan dövlətinin planı olub-olmaması, “böyük itkilər”in nədən ibarət olması, həmin mərkəzin digər üzvləri və maliyyələşmə qaydalarına dair suallar verilib.

Bundan başqa, sözügedən “mərkəz”in qondarma quruma, yoxsa qondarma qurumun Müdafiə Nazirliyinin faktiki olaraq Ermənistan dövlətinə tabe olduğu kimi, eyni qaydada Ermənistana tabe olub-olmadığına dair suallar soruşulub.

Ardınca Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov təqsirləndirilən şəxs R.Vardanyana Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən “AKVA” şirkətinin məsul şəxsləri ilə danışıqlar aparmaqla qondarma rejim üçün zenit-raket komplekslərinin (ZRK) alınması, eləcə də bu qurğuları istehsal edəcək müəssisənin inşası üçün vəsait toplanması, özünü Qarabağda yaşayan erməniəsilli şəxslərə “humanitar yardım göstərən” sahibkar kimi təqdim edən, bir müddət guya yalnız sosial-iqtisadi məsələlərə cavabdehlik daşıyan “dövlət naziri” kimi hərbi təyinatlı qurğuların istehsalı müəssisəsini yaratmaqda məqsədi, Azərbaycanın vaxtilə işğal altında olmuş suveren ərazilərində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələri və qrupları silah-sursatla təmin etməkdə niyyəti, hərbi təyinatlı istehsal müəssisənin qurulması istiqamətində apardığı danışıqları Ermənistanla razılaşdırması, onlar tərəfindən bu planın reallaşdırılması üçün hər hansı vəsaitin və ya digər əmlakın verilib-verilməməsi barədə suallar verilib.

Bundan sonra dövlət ittihamçısı Fuad Musayev Ruben Vardanyanın Ermənistan ərazisindən Azərbaycanın vaxtilə işğal altında olmuş Qarabağ bölgəsinə daxil olub məskunlaşdıqdan sonra Ermənistan ərazisindən bir neçə dəfə digər ölkələrə getməsi, sonra isə yenidən Ermənistana qayıdıb keçmiş qondarma rejimin olduğu əraziyə daxil olmasına baxmayaraq, hansı səbəbdən ona məxsus pasportda yalnız Ermənistana girişinə və oradan çıxmasına dair qeydin aparılması, özünü müstəqil dövlət kimi təqdim edən qondarma qurumun yerləşdiyi ərazilərə keçid etdikdə hər hansı sənəd təqdim edib-etməməsi, pasportunda buna dair qeydin aparılmaması, habelə bu keçidlərin başqa hansısa formada rəsmiləşdirilib-rəsmiləşdirilməməsi barədə suallar ünvanlayıb.

Həmçinin təqsirləndirilən şəxsə Qarabağ ərazisində müxtəlif yaş kateqoriyalarından olan şəxslər üçün hərbi təlimlərin keçirilməsi, bu məqsədlə hərbi düşərgələrin yaradılması, təlimçilərin şəxsiyyəti, təlim planları, təsisçisi olduğu “Biz – dağlarımızıq” adlı təşkilata “Ruben Vadanyan Foundation”, “Dilijan Community Center”, “Aznavour Foundation” digər təşkilatlar, fondlar və fiziki şəxslərdən bilavasitə terrorçuluqla bağlı təlimləri maliyyələşdirmək məqsədilə vəsaitlərin toplanması, həmin vəsaitlər hesabına müxtəlif idman yarışlarının və xüsusi düşərgələrdə təlimlərin keçirilməsi, buna dair müxtəlif şəxslərlə aparılan danışıqlar, o cümlədən Aik Ovakimian adlı şəxsə yazdığı “məni çoxu ilk gündən günahlandırır ki, guya mən qan və qurbanlar olmasını istəyirəm”, “son üç ayda hazırladığımız 120 nəfər barədə bir saniyə belə şübhə etmirəm, ancaq bu, dənizdə bir damladır” kimi və digər mesajlar, həmçinin bu təlimlərin Ermənistanın razılığı ilə keçirilməsi barədə suallar verilib.

Daha sonra dövlət ittihamçısı Vüsal Abdullayev təqsirləndirilən şəxs R.Vardanyana “Biz - dağlarımızıq” təşkilatı və digər yardım aksiyaları adı altında pul vəsaitlərinin toplanması, bu vəsaitlər hesabına müxtəlif odlu silah, döyüş sursatları, partlayıcı maddələr, hərbi texnikanı əldə edərək, Ermənistandan qanunsuz şəkildə Qarabağa gətirilməsinin məqsədi, bu silahlardan nədə istifadə etmək niyyəti, silahların gətirilməsinin kim tərəfindən təşkil edilməsi, həmin hərəkətləri həyata keçirmək üçün Ermənistan dövlətindən hansı dəstəyi alması, silah-sursatın kimin balansında olması, sosial-iqtisadi məsələlərə cavabdeh “dövlət naziri”nin ofisində və bağ evində hansı səbəbdən bu qədər hərbi təyinatlı avadanlığın olmasına dair suallar verib.

Eyni zamanda, Qarabağda olmuş qanunsuz silahlı birləşmələrin rəhbərlərinin və üzvlərinin adlı siyahısı sadalanaraq təqsirləndirilən şəxs R.Vardanyana həmin şəxslərlə münasibətləri, onlara aylıq muzd ödəməsi, pul vəsaitlərinin hansı qaydada və kim tərəfindən verilməsi, ümumiyyətlə, muzdun ayrılması qaydasına dair suallar ünvanlanıb.

R.Vardanyana pilotsuz uçuş aparatlarının (PUA) alınması üçün teleqram üzərindən əlaqə saxladığı Artur Alaverdiyan adlı şəxslə münasibətləri, PUA-ları almaqda məqsədi, onları hansı maliyyə vəsaitləri hesabına almaq niyyətində olması, digər şəxs və ya təşkilatlardan PUA-ların alınması üçün vəsaitlərin toplanması barədə suallar verilib.

Nəhayət dövlət ittihamçısı Təranə Məmmədova təqsirləndirilən şəxs R.Vardanyana Azərbaycan Respublikasının xarici ölkələrdə olan diplomatik korpusunun nümayəndələrinə qarşı terror aktları törədilməsi üçün “Nemezis-2” terror əməliyyatının başlanılmasına təşəbbüs göstərməsi, həmin terror əməllərinə hazırlıq görməsi, əməliyyatın hansı səbəbdən məhz “Nemezis-2” adlandırılması, bu əməliyyatın başlanılması təşəbbüsünü irəli sürməkdə məqsədi və terror əməliyyatlarını konkret olaraq kimlərə qarşı həyata keçirməyi planlaşdırdığı, azərbaycanlı diplomatlara qarşı terror aktlarını törətməklə vermək istədiyi mesaj, terror əməliyyatının həyata keçirilməsi planları barədə kimlərlə məsləhətləşmələr aparması, bu əməllərin reallaşdırılması istiqamətində konkret olaraq hansı tədbirlər görməsi, bu məqsədlə kimlərə tapşırıqlar verməsi və buna nə qədər maliyyə vəsaitinin sərf olunması və ya sərf edilməsinin planlaşdırılması barədə suallar verib.

Təqsirləndirilən şəxs Ruben Vardanyan ona verilmiş sualların heç birini cavablandırmayıb.

Məhkəmə baxışı zamanı Ruben Vardanyanın qeyd olunan məsələlərlə bağlı votsap, "Signal" və teleqram tətbiqləri üzərindən şəxsən apardığı səsli danışıqlar və yazışmalar, tərtib etdiyi sənədlər, foto və videogörüntülər ona verilən suallarla əlaqədar məhkəmə zalında nümayiş etdirilib.

Məhkəmənin növbəti iclası martın 11-nə təyin olunub.

Diaspora