Rusiya Azərbaycanla mədəni əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədir.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova deyib.
"Rusiya ilə Azərbaycan arasında mədəni əməkdaşlıq möhkəm ənənələrə və çoxillik qarşılıqlı fəaliyyətə əsaslanır. Biz mədəniyyət müəssisələrimiz və yaradıcı kollektivlərimiz arasında əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirərək, onu daha da inkişaf etdirməyə çalışırıq", - Lyubimova bildirib.
Nazir ölkələrimiz arasında çoxillik mədəni əlaqələrin önəmini qeyd edib. O, 2024-cü ildə Bakıda Rusiya Mədəniyyəti Günlərinin keçirildiyini xatırladıb. Bundan başqa, Rusiya nümayəndə heyəti Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edib. Bu forum çərçivəsində Rusiyada Azərbaycan Mədəniyyəti Günlərinin hazırlanması və Azərbaycanda Rusiya Kino Günlərinin təşkili ilə bağlı razılıqlar əldə olunub.
Mətbuat xidmətinin məlumatına görə, Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev mədəni dialoqun fəal şəkildə inkişafına görə nazirə təşəkkürünü bildirib və Azərbaycan tərəfinin təşəbbüslərin həyata keçirilməsi üzrə birgə gələcək işlərdə maraqlı olduğunu təsdiqləyib.