"Heç kim Putinə səs verməyib!", "Nifrət Amerikaya böyüklük gətirməz!"...
ABŞ-da fevralın 28-də Donald Tramp və Vladimir Zelenski arasında yüksək gərginlikdə keçən və nadir metallar haqqında razılaşmanın imzalanmaması ilə nəticələnən görüşdən sonra genişmiqyaslı etirazlar başlayıb. Ertəsi gün, martın 1-də ölkənin müxtəlif regionlarından minlərlə insan küçələrə çıxaraq ABŞ prezidenti və vitse-prezidentinə etiraz edib.
QAZİLER.AZ Moderator.az-a istinadən xəbər verir ki, Bermont ştatında Cey Di Vens əleyhinə və Ukraynanı dəstəkləyən aksiya keçirilib. Siyasətçi həmin vaxt orada, Şuqarbüş adlı dağ-xizək kurortunda həftəsonunu keçirməyi planlaşdırıb.Etiraz aksiyası haqqında WCAX və "The Boston Globe" kimi Amerika KİV-ləri yazır. Bildirilir ki, aksiya məhz Vensin ziyarət etməyi planlaşdırdığı Ueytsfild şəhərində baş tutub.
WCAX-ın məlumatına görə, keçən həftə Vensin səfəri ilə bağlı xəbərlər yayılarkən, Tramp administrasiyasının siyasəti ciddi narazılığa səbəb olub. Etirazları isə əsasən əvvəlki gün Ağ Evdə Zelenski və Vens arasında baş verən mübahisə qızışdırıb.
Təxminən 700 nəfər "Mad River Green" ticarət mərkəzi yaxınlığındakı 100 nömrəli magistral yolun kənarında düzülərək müxtəlif şüarlar yazılmış plakatlar qaldırıb:
"Vens, sən xainsən, get Rusiyada xizək sür!", "Zelenski qəhrəmandır!", "Nifrət Amerikaya böyüklük gətirməz!", "Heç kim Putinə səs verməyib!", "Vermont Ukraynanı dəstəkləyir!", "Beynəlxalq rüsvayçılıq" və s.
Eyni zamanda, yüzlərlə insan Nyu-Yorkda, Manhettendə yerləşən "Tesla" avtomobil diler mərkəzi qarşısında etiraz aksiyası keçirib. Mitinq iştirakçıları əllərində "Nasist" yazılmış İlon Maskın şəkilləri olan plakatlar tutaraq onun həbsini tələb edib və "Zelenski qəhrəmandır!" şüarını səsləndirib. Etirazçılar həmçinin Ukrayna bayraqları dalğalandırıb.
Nyu-Yorkun "Tayms-Skver" meydanında da Ukraynaya dəstək yürüşləri keçirilib. Xarici mətbuatın yazdığına görə, insanlar ailələri ilə birlikdə aksiyalara qoşulub.
Öz növbəsində İlon Mask Zelenskiyə qarşı sərt mövqe tutaraq onun "özünü Amerika xalqının gözündə məhv etdiyini" bildirib.
Zelenski Londona səfərindən sonra Daundinq-strit küçəsində izdihamlı qarşılanmasını əks etdirən görüntüləri sosial şəbəkələrdə yayımlayıb. Videoda Böyük Britaniya baş naziri Kir Starmerin Zelenskini qucaqladığı və küçələrdə onu alqışlayan insanların toplaşdığı görünür.
Martın 2-dəa isə Ukrayna prezidentini Böyük Britaniya Kralı III Çarlz qəbul edəcək. BBC telekanalı qeyd edib ki, bu görüş Britaniya hökumətinin təşəbbüsü ilə baş tutacaq.
Bu arada dünyanın bir sıra liderləri Zelenskini açıq şəkildə dəstəkləyib. Onların arasında Fransa prezidenti Emmanuel Makron və Polşa baş naziri Donald Tusk da var.