Boşaldılmış Bələk, gülləkeçirməz villa, otel bağlatdıran kral, hərbi gəmidə qalan Obama... Dünyada ən böyük iqtisadiyyata malik 19 ölkənin və Avropa Birliyinin təşkil etdiyi G-20 liderlərinin növbəti toplantısının keçirilməsinə 2 gün qalıb. Lent.az-ın məlumatına görə, Türkiyənin Antalya şəhərinin Bələk istirahət zonasında noyabrın 15-16-da baş tutacaq sammitə 12 ölkə başçısı, 11 baş nazir və Avropa Birliyi ölkələrindən ikisinin hökumət başçısı qatılacaq.
Sammitə kimlər qatılacaq?
İndiyədək 60 dəfə G-20 zirvə sammiti keçirilib. Bu ilki toplantı ilə əlaqədar Türkiyəyə ilin sonunadək azı 60 min qonağın gələcəyi planlaşdırılır. Zirvə toplantısına qatılacaq liderlər arasında ABŞ prezidenti Barak Obama, Rusiya prezidenti Vladimir Putin, Səudi Ərəbistanı kralı Salman bin Abdülaziz, Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel, Yaponiyanın baş naziri Şinzo Abe, İngiltərənin hökumət başçısı Devid Kameron kimi şəxslər var.
G-20-də nə müzakirə ediləcək?
Bu günə qədər keçirilən zirvə toplantılarından fərqli olaraq, Antalyadakı sammitin əsas mövzuları arasına ilk dəfə terror, Suriya böhranı, miqrant problemi kimi məsələlər daxil edilib. Həmçinin qloballaşma rejimində ölkələrin fərqli inkişaf modelləri əsas müzakirə mövzusu olacaq. Bu müzakirələr əsasən dövlət və hökumət başçılarının iştirak etdiyi 7 ana toplantıda gündəmə gətiriləcək. Bunlardan 2-si işgüzar yemək, 5-i isə konfrans mühitində baş tutacaq. Müzakirə ediləcək əsas iqtisadi məsələlər isə ölkələrin iqtisadi böyüməsi, investisiyalar, ticarət, demoqrafik problem və beynəlxalq rəqabət olacaq.
3 min jurnalist izləyəcək
Sammiti izləmək üçün türkiyəli və əcnəbi media strukturlarından 2500 media mənsubu qeydiyyatdan keçib. Zirvə toplantısı müddətində jurnalistlərin qalması üçün Bələkdə ümumi tutumu 3 min nəfər olan media mərkəzi hazırlanıb.
Artıq Bələk “qırmızıbölgə”, yəni təhlükəsiz zona elan edilib. Tədbir müddətində Antalyada 13 min 400 polis xidmət aparacaq. Bu polislərdən 400-ü nəqliyyatın idarə edilməsinə, 12 mini asayişin və təhlükəsizliyin ümumi təminatına, 270 nəfəri isə xüsusi tapşırıqların icrasına cəlb edilib.
Hazırda Bələkdəki 46 oteldən 30-u zirvə toplantısı ilə əlaqədar elan edilmiş təhlükəsiz zonaya daxildir və sırf bu tədbirlə bağlı fəaliyyət göstərir. Bu otellərə akreditasiyası olmayanlardan başqa heç kim daxil ola bilməz.
Antalya aeroportuna gəlincə, hava limanının bir xətti ancaq G-20 sammiti ilə əlaqədar gələnlərə xidmət etməyə başlayıb. Dənizdən gələ biləcək hər hansı təhlükə ilə bağlı sahil mühafizə katerləri də fəaliyyətini gücləndirib. Bölgədə qonaqların kortejlərinin keçdiyi yollarda əlavə 350 kamera və üztanıma sistemi də yerləşdirilib.
Zirvə toplantısına gələcək liderlərin nə vaxt gəlib, nə vaxt gedəcəyi ilə bağlı məlumatlar isə maksimum məxfi saxlanır.
Bildirilir ki, ABŞ prezidenti Barak Obama Antalyaya prezident təyyarəsi olan "Air Force One"la gələcək və helikopterlə birbaşa Bələkə yollanacaq. Obama üçün toplantının əsas oteli sayılan “Regnum Carya”da gülləkeçirməz pəncərələri olan xüsusi villa tikilsə də, ABŞ liderinin sahilə yan alacaq hərbi gəmidə gecələməsi planlaşdırılır. Villanın ətrafında hətta hava hücumundan müdafiə sistemləri quraşdırılsa da, Obamanın ABŞ donanmasına aid hərbi gəmiyə üstünlük verəcəyi iddia edilir.
Qeyd edək ki, artıq Antalya ilk yüksək rütbəli qonağı qarşılayıb. Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz dünən axşam saatlarında özəl təyyarəsi ilə Antalyada eniş edib. Kral 60-a yaxın avtomobildən ibarət olan kortejlə bağlatdırdığı “Mardan Palace” otelinə gedib. 1000 nəfərdən ibarət Səudiyyə Ərəbistanından gələn heyətin istifadəsinə 65 zirehli Mercedes verilib. Bununla yanaşı, kral 400 lüks avtomobil kirayə götürüb.