Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə tədbirlər proqramı təsdiqlənib - YENİLƏNİB

Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə tədbirlər proqramı təsdiqlənib -  YENİLƏNİB backend

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü çərçivəsində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.

XİN-dən bildirilib ki, görüş zamanı Azərbaycan-Özbəkistan müttəfiqliyindən irəli gələn məsələlər, ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın genişləndirilməsi imkanları, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Ötən ilin iki ölkə arasında müttəfiqlik münasibətlərini təsbit edən müqavilənin imzalanması ilə əlamətdar olduğu, diplomatik münasibətlərin 30 illiyini qeyd etdiyimiz cari 2025-ci ilin isə müttəfiqliyimizin siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat-kommunikasiyalar, mədəni-humanitar aspektlərinin daha da zənginləşdirilməsi ilə yadda qalacağına dair ümidvarlıq ifadə olunub.

Azərbaycan və Özbəkistan arasında qardaşlıq və dostluğa əsaslanan müttəfiqliyin inkişafında iki ölkənin liderləri arasında mövcud yüksək səviyyəli dialoqun, Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının, Hökumətlərarası Komissiyanın, siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və s., habelə digər çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin daha da gücləndirilməsinin vacibliyi qeyd edilib.

Ötən il Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan, Qazaxsıtan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində imzalanmış strateji tərəfdaşlıq sazişinin regional enerji, nəqliyyat və kommunikasiyaların inkişafı istiqamətində atılan əhəmiyyətli addımlardan biri olduğu qeyd edilib.

C.Bayramov, həmçinin həmkarını postmünaqişə dövründə bölgədə bərpa, yenidənqurma, minatəmizləmə, o cümlədən sülh səyləri barədə ətraflı məlumatlandırıb. Azərbaycan-Ermənistan sülh prosesinin irəlilədilməsinin qarşısında duran maneələrin, o cümlədən Ermənistan konstitusiyasında ölkəmizə qarşı davam etdirilən ərazi iddiaları, bu ölkənin sürətli silahlandırılmasının normallaşma gündəliyinə hədə törətdiyi diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi üzrə Tədbirlərin Kompleks Proqramı” imzalanaraq təsdiq edilib.

11:48

Azərbaycan və Özbəkistan xarici işlər nazirləri Ceyhun Bayramov və Baxtiyor Saidov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsinə dair "Hərtərəfli Tədbirlər Proqramı"nı imzalayıb və təsdiq ediblər.

Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Proqram nazirlərin Ankarada görüşü zamanı imzalanıb.

Bildirilib ki, Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə iştirak etmək məqsədilə Ankarada səfərdə olan Azərbaycan və Özbəkistan XİN başçıları görüş çərçivəsində Azərbaycan-Özbəkistan alyansının siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və rabitə aspektlərini, həmçinin qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Türk Dövlətləri Təşkilatı, BMT, İƏT, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı da daxil olmaqla regional və beynəlxalq əməkdaşlıq yolları, eləcə də müxtəlif çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığın perspektivləri də gündəmdə olub.

Ceyhun Bayramov həmkarını regionda sülh səyləri, mövcud çağırışlar və sülh prosesinə olan təhdidlər barədə məlumatlandırıb. (report.az)

Diaspora