Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov ilə Hakan Fidan arasında telefon danışığı olub.
Bu barədə “Report” Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
“Söhbət zamanı Suriyada və onun ətrafındakı vəziyyətin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Suriyanın suverenliyinə, birliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət edilməsinin zəruriliyi təsdiqlənib”, - məlumatda deyilir.
XİN başçıları siyasi baxışlarından, etnik və dini mənsubiyyətlərindən asılı olmayaraq bütün Suriya vətəndaşlarının qanuni hüquqlarının təmin edilməsi əsasında vəziyyətin hərtərəfli nizamlanmasına həqiqətən töhfə verməyə qadir olan bütün “xarici oyunçuların” səylərini birləşdirməyin vacibliyini vurğulayıblar.
Bundan əlavə, Lavrov Bolu vilayətində dağ-xizək kurortunda çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən faciəvi hadisələrlə bağlı türkiyəli həmkarına başsağlığı verib.
18:48
Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlar Suriyanı və terrorizmlə mübarizəni müzakirə ediblər.
Nazirlər Suriyanın terror təşkilatlarından təmizlənməsinin, ölkədə sabitlik və təhlükəsizliyin bərpa olunmasının əhəmiyyətini vurğulayıblar.