Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar başlayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, danışıqlar Rusiya XİN-nin Qəbullar Evində keçirilir.
Lavrov ötən ili Rusiya-Ermənistan münasibətlərində sadə olmayan il adlandırıb.
Rusiya XİN başçısı erməni həmkarı ilə təkbətək görüş keçirdiyini söyləyib. Bildirib ki, danışıqlarda bütün mövcud problemlərə konstruktiv şəkildə baxacaqlar. “Biz hər zaman erməni xalqı ilə, bizim təbii strateji tərəfdaşımız, müttəfiqimiz Ermənistanla, qardaşlıq əlaqələrini qiymətləndirmişik, qiymətləndirməyə davam edirik. Maraqlıyıq ki, çoxəsrlik dostluq, qonşuluq ənənələri möhkəmlənsin və inkişaf etsin”.
Lavrov ötən il Ermənistan baş naziri Nikol Paşinyanın iki dəfə Rusiyaya səfər etdiyini xatırladıb. Qeyd edib ki, Mirzoyanla təkbətək görüşdə iki ölkə arasında ticarət-iqtisadi münasibətlərdən danışılıb: “Bu münasibətlər yüksəlişdədir.Ticarət dövriyyəmiz rekord həcmə çatıb, ötən il bu göstəci təxminən 12 mlrd dollar olub”.
Rusiya XİN başçısı vurğulayıb ki, ikitərəfli münasibətlərlə yanaşı Cənubi Qafqaz regionundakı vəziyyəti də diqqətdən kənarda qoymaq olmaz. “Regional təhlükəsizlik Rusiyanın Cənubi Qafqaz istiqamətindəki fəaliyyətində əhəmiyyətli rol oynayır. Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım etməyə hazırıq. 2020-ci və 2022-ci illərdə üç ölkənin rəhbərləri tərəfindən əldə edilmiş üçtərəfli razılaşmaların inkişafı məqsədilə Ermənistan və Azərbaycan arasında bütün sahələrdə münasibətlərin normallaşmasına lazımi yardımı etməyə hazırıq. Hesab edirik ki, regiondakı hazırki vəziyyəti nəzərə lasaq, üçtərəfli razılaşmalar əvvəlki kimi aktual olaraq qalır”.