Azərbaycan-Gürcüstan münasibətləri regional təhlükəsizlik baxımından vacib rol oynayır” - Nigar Məmmədova

Azərbaycan-Gürcüstan münasibətləri regional təhlükəsizlik baxımından vacib rol oynayır” - Nigar Məmmədova backend

"Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi region dövlətləri ilə də yüksəksəviyyəli münasibətləri inkişaf etdirməkdədir. Gürcüstan da rəsmi Bakının regionun təhlükəsizliyi və inkişafı ilə bağlı mövqeyini dəstəkləyir. Bu ölkənin baş naziri İrakli Kobaxidzenin yeni keçirilmiş parlament seçkilərindən sonra ilk səfərini məhz Azərbaycana etməsi ikitərəfli münasibətlərin əsl mahiyyətini açmağa imkan verir". 

QAZÍLER.AZ  Lent.az-a istinaden xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nigar Məmmədova bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev də İ.Kobaxidze ilə görüşdə bu məqamı xüsusi vurğuladı və bildirdi ki, “parlament seçkilərindən sonra ilk səfərin ölkəmizə edilməsi təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir”.

"Yeri gəlmişkən, Gürcüstanda seçkilər Qərbdən davamlı təzyiqlər fonunda baş tutdu. Gürcü cəmiyyətini parçalamaq məqsədilə müxtəlif vasitələrə əl atıldı. Lakin Azərbaycan və Gürcüstan liderlərinin və xalqlarının müdrikliyi regionumuzu yad dəyərlərdən, qeyri-ənənəvi meyllərdən və sorosçuların müdaxiləsindən xilas etdi. Gürcüstan da bu seçkilərdə öz gələcəyini, milli dəyərlərini, tarixi irsini, təhlükəsizliyini və inkişafını qorudu.

Gürcüstan hökumət başçısı da öz növbəsində Bakıda bəyan etdi ki, bu, bizim bölgəmizdə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, ölkələrimizin münasibətləri baxımından əhəmiyyətlidir. İ.Kobaxidzenin Azərbaycan Prezidenti haqqında “Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz” söyləməsini isə Azərbaycanın regionda lider kimi qəbul olunmasının növbəti nümunəsi hesab etmək olar.

Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, çiçəklənmənin və inkişafın sütunlarıdır. Bu iki ölkə regionda ənənəvi ailə dəyərlərini, milli mədəniyyəti, ləyaqəti, tarixi irsi qoruyur.

Hər iki ölkə inklüziv regional əməkdaşlıq və inkişaf naminə atılan addımların tərəfdarıdır.

Dövlət başçımız da Gürcüstan-Azərbaycan əlaqələrini bütün qonşular üçün nümunə kimi dəyərləndirdi.

Ölkələrimiz arasında eyni zamanda iqtisadi sahədə də yaxşı nəticələr əldə olunub. Belə ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub ki, bu da uğurlu iqtisadi siyasətin nəticəsidir.

Liderlərin görüşündə əsas müzakirələrdən biri də Orta dəhlizlə bağlı oldu. Prezident İlham Əliyevin də söylədiyi kimi, “böyük coğrafiyanı əhatə edən bu layihədə yenə də Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır”. 

Azərbaycan-Gürcüstan eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. İstər XİN-lərarası siyasi məsləhətləşmələr, istərsə də iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası əlaqələr üzrə işçi qrupu platformaları uğurla fəaliyyət göstərir. Bu vaxta qədər iki ölkə arasında 123 sənəd imzalanıb.

İkitərəfli əlaqələrin möhkəmlənməsində qarşılıqlı səfərlərin də mühüm rolu var. Ümumiyyətlə, yüksəksəviyyəli qarşılıqlı səfərlər iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi üçün yeni imkanlar yaradır.

Bir sözlə, Azərbaycan-Gürcüstan münasibətləri regional təhlükəsizlik baxımından vacib rol oynayır. Bu məsələdə Bakı ilə Tbilisin maraqları üst-üstə düşür".

Diaspora