İranda azərbaycanlılar ayağa qalxdı - SAXLANILANLAR VAR

İranda azərbaycanlılar ayağa qalxdı - SAXLANILANLAR VAR backend

Noyabrın 9-da İranın Azərbaycan türkləri yaşayan şəhərlərində izdihamlı etiraz aksiyaları keçirilib. APA TV-nin xəbərinə görə, on minlərlə insanın iştirak etdiyi yürüşlər Güney Azərbaycanın Təbriz, Urmiyə, Ərdəbil, Zəncan, Meşkin şəhərlərində və paytaxt Tehranda baş tutub. Aksiyalarda “Haray, haray, mən türkəm”, “Ölüm olsun rasizmə”, “Azərbaycan var olsun, istəməyən kor olsun” “Türk dilində mədrəsə” kimi şüarlar səsləndirilib.

Etirazçılar noyabrın 6-da İranın “Kanal 2” telekanalında yayımlanmış proqramda azərbaycanlıların təhqir edilməsinə etirazlarını bildiriblər. Aksiya iştirakçıları ilə polis arasında toqquşmalar olub. Yüzlərlə döyülənlər və saxlanılanlar var.

Təbrizdə polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və suvuran maşınlardan istifadə edib.

Aksiyalara ilk olaraq Urmiya Universitetinin tələbələri başlayıb. Əllərində plakat tutan və irqçiliyə qarşı şüarlar səsləndirən öyrəncilər İran televiziyasının türkləri təhqir etməsini kəskin qınayıblar. Məlumata görə, universitetin bir neçə azərbaycanlı məsul şəxsi də etirazlara qoşulub.

Etiraz aksiyalarının ardınca, İranın bir sıra iri şəhərlərində, o cümlədən Ərdəbildə elan edilməmiş fövqəladə vəziyyət hökm sürməyə başlayıb. Noyabrın 9-u axşam saatlarından başlayaraq Ərdəbildə silahlı polis və təhlükəsizlik qüvvələri şəhərin küçə və meydanlarında nəzarəti ələ alıb, vətəndaşların sərbəst hərəkətinə məhdudiyyət qoyulub.

“Səhər” Televiziyası isə İran Teleradio Təşkilatının (İRİB) “Kanal 2” telekanalının efirində səslənən təhqirə görə İranda yaşayan azərbaycanlılardan üzr istəməsi barədə məlumat yayıb. Teleradio təşkilatının yaydığı bəyanatda qeyd olunub ki, İRİB telekanalda yayımlanan "Fitilə hoteli" verilişinin yayımı dayandırılıb və verilişin yaradıcı heyəti cəzalandırılıb.

Qeyd edək ki, uşaqlar üçün nəzərdə tutulmuş komediya proqramında bəhs olunan hekayədə azərbaycanlı uşaq tualet fırçası ilə diş fırçasını səhv salır və dişlərini tualet fırçası ilə təmizləyir. Bundan sonra uşağın atası hotel sahibindən üzr istəyir və hoteldən gələn pis qoxuya uşağın səbəb olduğunu bildirir. Sosial şəbəkələrə yerləşdirilən video azərbaycanlıların hiddətinə səbəb olub.

Xatırladaq ki, 2006-cı ildə də oxşar hadisə baş verib. Həmin il mayın 12-də "İran" qəzetinin uşaqlar üçün "Kudək" (Bəbə) adlı bazar buraxılışında çap edilən karikaturada uşaq tarakanla fars dilində danışmağa çalışır, tarakansa ona azərbaycanca cavab verərək "Nəmənə?" (Təbriz ləhcəsində "nə") deyir.

Həmin karikaturaya etiraz olaraq İranın Təbriz, Ərdəbil, Xoy, Sulduz və başqa şəhərlərində azərbaycanlılar kütləvi aksiyalar keçiriblər. Təbrizdə təşkil edilən aksiya iğtişaşlara çevrilib, polislə qarşıdurma yaranıb. Rəsmi məlumatlara görə, 4 nümayişçi ölüb, 330 nəfər həbs edilib. Etirazlardan bir müddət sonra qəzet bağlanıb, baş redaktor Mehrdad Qasemfar və rəssam Məna Neyestani həbs edilib. Ancaq sonradan hər iki şəxs azadlığa buraxılıb.



Diaspora