Dnepropetrovskdə qondarma “erməni soyqırımı” ilə bağlı çıxarılan qərar ləğv edildi

Dnepropetrovskdə qondarma “erməni soyqırımı” ilə bağlı çıxarılan qərar ləğv edildi backend

Dnepropetrovsk şəhər Deputatlar Şurasının qondarma “erməni soyqırımı” ilə bağlı çıxartdığı qərar ləğv edilib. Trend-in məlumatına görə, bu barədə Dailykarabakh saytına Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov məlumat verib.

Fəxri konsulun sözlərinə görə, aparılan danışıqlar nəticəsində Dnepropetrovsk şəhər Deputatlar Şurasının çıxartdığı qərar artıq öz hüquqi qüvvəsini itirib: “Dnepropetrovsk Vilayət Dövlət Admnistrasiyasının rəhbəri Valentin Rezniçenko və onun müşaviri Boris Treyqermanla görüşüb, Dnepropetrovsk şəhər Deputatlar Şurasının belə bir tarixi saxtakarlığa yol verməsinin Ukraynada yaşayan azərbaycanlıların və türklərin ciddi etirazına səbəb olduğunu və bu uydurma qərarın ləğv olunmasının hüquqi yollarını müzakirə etdim. Çıxarılmış qərarın təxribat xarakterli olduğundan, onun təcili ləğv edilməsinin vacibliyi tərəfimizdən vilayət rəhbərliyinin diqqətinə çatdırıldı. Bu məsələ ilə bağlı həmçinin, Ukraynanın Baş Prokurorluğunun və Milli Təhlükəsizlik Xidmətinin rəsmi nümayəndələri ilə görüşlər keçirilib, Dnepropetrovsk şəhər Deputatlar Şurasının qəbul etdiyi qondarma qərarın Azərbaycan və Türkiyə ictimaiyyətində doğurduğu ciddi narazılıq tərəfimizdən adı çəkilən dövlət qurumlarının nəzərınə çatdırılıb”.

Ə.Salmanov bildirib ki, keçirilən görüşlər və aparılan danışıqlardan sonra Dnepropetrovsk şəhər Deputatlar Şurasının sədri, şəhər merinin səlahiyyətlərini icra edən Qalina Bulavka belə bir qondarma qanunun hüquqi qüvvəyə minməsinə imza atmayaraq, Şuranın çıxardığı qərarı rədd edib. O, belə bir qərarın qəbul olunma səlahiyyətinin parlament və prezidentdə olduğunu əsas gətirərək,Yulya Timoşenko bloku tərəfindən gündəliyə çıxarılan layihəni müraciət formasında səlahiyyətli orqanlara göndərdi.

Ə.Salmanov onu da bildirib ki, Şura tərəfindən qəbul olunmuş qərarın bu şəkildə ləğv edilməsi Ukraynada fəaliyyət göstərən erməni lobbisini əməlli başlı məyus edib. Fəxri konsul qərarın ləğv edilməsində ona yaxından köməklik göstərən Dnepropetrovsk Azərbaycanlıları Konqresinin sədri Qüdrət Hacıyev və diasporumuzun fəalı Oqtay Babayevə dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, bu il sentyabrın 30-da Ukraynanın Dnepropetrovsk şəhər Deputatlar Şurasında Yulya Timoşenko blokundan deputat olan Eduard Baqdasaryanın təşəbbüsü ilə qondarma “erməni soyqırımı” ilə bağlı qərar qəbul olunub. Bu olay həmçinin Ukraynada fəaliyyət göstərən Azərbaycan və türk diasporunun ciddi etirazına səbəb olub, qərarın ləğv olunması ilə bağlı Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi və Ukrayna Millətlər Assambleyası Ukrayna prezidentinə və parlamentinə müraciət etmişdir.
Diaspora