Noyabrın 6-da Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı II İliya ilə görüşüb. Lent.az-ın prezidentin saytına istinadən verdiyi xəbərə görə, II İliya ulu öndər Heydər Əliyev və prezident İlham Əliyev ilə şəxsi münasibətlərini yüksək dəyərləndirərək, Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər nümunə xarakteri daşıdığını və hər iki dövlətin Qafqazda sülhü və əmin-amanlığı qorumaq üçün səylərini əsirgəmədiyini qeyd edib. II İliya ölkələrimizin dini sahədə münasibətlərinin də çox yaxşı olduğunu qeyd edib.
Gürcüstanda 300-dən çox məscidin fəaliyyət göstərdiyini deyən Pravoslav Kilsəsinin Patriarxı prezidenti İlham Əliyevə ölkəmizdə yaşayan gürcülərə göstərilən yüksək diqqətə görə minnətdarlığını bildirib. O, Azərbaycanda Gürcüstanın yepiskopunun olması və bir sıra digər dini məsələlərlə bağlı fikirlərini çatdırıb. Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün pozulmasına görə dərin narahatlığını vurğulayan II İliya ümidvar olduğunu bildirib ki, hər iki ölkənin ərazi bütövlüyü bərpa ediləcək. Gürcüstana Azərbaycandan təbii qazın verilməsi ilə bağlı prezident İlham Əliyevə təşəkkürünü çatdıran Patriarx II İliya ölkələrimiz arasında bundan sonra da münasibətlərin yüksək səviyyədə olacağına inamını ifadə etdi.
Prezident İlham Əliyev Azərbaycanda II İliyaya böyük hörmət bəsləndiyini vurğulayaraq Gürcüstanın dini liderinin fəaliyyətinin hər zaman regionda sülhün bərqərar olmasına, bütün münaqişələrin həllinə, dünyadakı dinlərarası münasibətlərdə qarşılıqlı anlaşmaya, qarşılıqlı hörmətə və sülhə əsaslandığını qeyd edib. Prezident İlham Əliyev çoxmillətli və çoxkonfessiyalı Azərbaycan və Gürcüstanın digər ölkələr üçün ümumbəşəri dəyərlərə sadiqlik nümunəsi olduqlarını xüsusi vurğulayıb. Marneulidə Azərbaycan icması ilə görüşünə toxunan dövlət başçısı ölkəmizdə yaşayan gürcülərə də yüksək münasibət göstərildiyini bildirib. Müstəqillik dövründə ölkələrimiz arasında strateji münasibətlərin formalaşdığını deyən prezident İlham Əliyev bu baxımdan Gürcüstana rəsmi səfəri zamanı dövlət başçılarının imzaladıqları Birgə Bəyannamənin əhəmiyyətini xüsusi qeyd edib. Dövlət başçısı Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpasının hər iki ölkənin dinamik inkişafı üçün zəruriliyini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq qurumlar çərçivəsində fəal qarşılıqlı fəaliyyətinin mövcud olduğunu bildirib
SOCAR-ın Gürcüstandakı fəaliyyətini yüksək dəyərləndirən prezident İlham Əliyev hər iki ölkənin uğurlu gələcəyinin yalnız sıx qarşılıqlı əməkdaşlıq sayəsində mümkün olduğunu deyib.
Prezidenti İlham Əliyevin daha sonra Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə Gürcüstan parlamentinin deputatları iştirak ediblər.
“Gürcüstanda siyasi partiyalar öz aralarında müxtəlif məsələlərlə bağlı mübahisə edirlər, lakin Azərbaycanla qarşılıqlı dost münasibətlərində onların arasında heç bir müxtəlif fikirlər olmur”, deyə David Usupaşvili bildirib və Azərbaycanda parlament seçkilərində Yeni Azərbaycan partiyasının qələbəsi münasibətilə prezident İlham Əliyevi təbrik edərək iki ölkənin qanunverici orqanları arasında əlaqələrin davam edəcəyinə əminliyini ifadə edib.
Azərbaycan dövlət başçısı Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib. Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi, sosial, humanitar və mədəni əlaqələr yalnız bütün region üçün nümunədir və bu dostluq onun hüdudlarından kənara çıxıb. Bunun təsdiqi üçün Azərbaycan prezidenti noyabrın 5-də Gürcüstan prezidenti ilə əməkdaşlığın dərinləşdirilməsi haqqında bəyannamə imzalanmasını göstərib.
Azərbaycanın dövlət başçısı Azərbaycan və Gürcüstan parlamentlərinin əlaqələrinin dərinləşdirməsinə xüsusi diqqət yetirməyin vacib olduğunu bildirib.
Görüşdə tərəflər hər iki ölkənin mövcud münaqişələrini müzakirə ediblər və bu münaqişələrin suveren və ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, noyabrın 6-da Tbilisidə Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin adından Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə nahar verilib.
Həmin gün prezidenti İlham Əliyev Tbilisidə Gürcüstanın keçmiş Baş naziri Bidzina İvanişvili ilə görüşüb.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev noyabrın 5-də Tbilisidə Gürcüstanın mərhum dövlət başçısı Eduard Şevardnadzenin məzarını ziyarət edib və ailə üzvləri ilə görüşüb.