BMT-də “ASAN Xidmət“lə bağlı qətnamə qəbul edilib

BMT-də “ASAN Xidmət“lə bağlı qətnamə qəbul edilib backend

Xarici İşlər Nazirliyi BMT-nin Korrupsiyaya qarşı mübarizə üzrə Konvensiyasına tərəf dövlətlərin Konfransının 6-cı sessiyasında qəbul olunmuş qətnaməyə dair məlumat yayıb.


Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2-6 noyabrda Sankt-Peterburq şəhərində keçirilmiş BMT-nin Korrupsiyaya qarşı mübarizə üzrə Konvensiyasına tərəf dövlətlərin Konfransının 6-cı sessiyasında Azərbaycanın təşəbbüsü ilə “Qabaqcıl təcrübələrin və texnoloji innovasiyaların tətbiqi vasitəsilə şəffaf, məsuliyyətli və səmərəli ictimai xidmətlərin göstərilməsinin təşviq edilməsi ilə korrupsiyanın qarşısının alınması” adlı qətnamə qəbul edilib.

Nazirliyin məlumatına görə, Azərbaycanın irəli sürdüyü bu qətnaməyə Əlcəzair, Banqladeş, Braziliya, Kamboca, Fici, İndoneziya, İsrail, İordaniya, Küveyt, Malayziya, Mərakeş, Oman, Paraqvay, Peru, Filippin, Qətər, Səudiyyə Ərəbistanı, Fələstin Dövləti, Sudan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Vyetnam həmmüəllif kimi qoşulub.

Qətnamənin qəbulu texnoloji yeniliklər vasitəsilə səmərəli ictimai xidmətlərin göstərilməsi sahəsində Azərbaycanın ASAN Xidmət təcrübəsinin təşviq olunması, əldə edilmiş nailiyyətlərin bölüşülməsi və müsbət yeniliklərin mübadiləsi üçün əlverişli imkanlar yaradır.
Diaspora