"Mən keçən dəfə Marneulidə olanda tapşırıqlar verdim ki, mövcud problemlər tezliklə həllini tapsın. Şadam ki, son illər ərzində bir neçə mühüm məsələ öz həllini tapıb. Əlbəttə ki, 2004-cü ildə Azərbaycanın imkanları bu günkü kimi deyildi, bizim o qədər də maliyyə imkanlarımız yox idi. Ancaq imkan daxilində çalışırdıq ki, burada yaşayan azərbaycanlılar da Azərbaycanın inkişafından bəhrələnsinlər”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Marneulidə soydaşlarımızla görüşü zamanı deyib.
Gələcəkdə daha böyük işlərin görülməli olduğunu deyən dövlət başçısı qeyd edib ki, ilk növbədə infrastruktur layihələri həyata keçirilməlidir.“Əhalinin qaz və içməli su təminatı təmin edilməlidir, kənd yolları abadlaşdırılmalıdır. Bildiyiniz kimi Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) nəinki azərbaycanlıların yaşadığı bölgələrdə, ümumiyyətlə Gürcüstanın müxtəlif yerlərində son illərdə böyük qazlaşdırma proqramı icra edir və böyük vəsait qoyur ki, Gürcüstanda qazlaşdırma maksimum dərəcədə yüksək sürətlə aparılsın. Keçən dəfə mən burada olanda, SOCAR-ın burada bir dənə də olsun yanacaqdoldurma məntəqəsi yox idi. Bu gün isə mənə verilən məlumata görə, 100-dən çox yanacaqdoldurma məntəqəsi var. SOCAR Gürcüstanın Qara dəniz limanında böyük terminal əldə edib və buraya böyük investisiya yatırıb. Enerji layihələri, elektrik xətlərin birləşməsi, Cənub Qaz Dəhlizinin inkişafı və bütün bunlar yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq".
Prezident İ. Əliyev təhsillə bağlı məsələlərin xüsusi əhəmiyyət daşıdığını da bildirib: "Mən istəyirəm ki, Gürcüstanda bir dənə də təmirsiz Azərbaycan məktəbi qalmasın. Düzdür, Azərbaycanda da hələ təmirsiz və qəzalı vəziyyətdə olan məktəblər var. Son 10 ildə Azərbaycanda 3 mindən çox məktəb tikilib və təmir edilib. Nəzərə alsaq ki, Azərbaycanda 5 minə yaxın məktəblər var, görərsiniz ki, nə qədər böyük işlər görülüb. Amma bizdə də, sizdə də bu problemlər var və biz çalışacağıq ki, bu məsələ öz həllini tapsın. Hesab edirəm ki, SOCAR bu problemlərin həllində əsas investor rolunda çıxış edəcək. Ümumiyyətlə, bu şirkətin həm Azərbaycanda, həm də işlədiyi bütün ölkələrdə çox böyük sosial məsuliyyəti var. SOCAR bu ölkələrdə məktəb, uşaq bağçası, infrastruktur layihələrin icrası ilə məşğuldur. Gürcüstanda ilk növbədə bu işlər görülməlidir, çünki burada azərbaycanlılar yaşayır. Gürcüstanda yaşayan azərbaycanlılar haqqında daim düşünürəm, onlar mənim üçün əziz və doğmadır. Ən böyük arzum odur ki, onlar bu torpaqda daim rahat və firavan yaşasınlar".
Dövlət başçısı yeni iş yerlərinin açılması, kənd təsərrüfatının inkişafı üçün əlavə tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, bu işlər Gürcüstan dövlətinin iştirakı ilə görülməlidir.