ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Bərdəyə səfər edib. APA TV-nin xəbərinə görə, səfir Bərdə və Ağcabədi rayonlarında ABŞ-ın maliyyələşdirdiyi humanitar su layihələrinin təməlqoyma mərasimində iştirak edib. İlk olaraq Bərdənin Yeni Daş kəndinə gələn səfir Robert Sekuta yerli sakinlərlə görüşdükdən sonra kənd ərazisində məskunlaşan məcburi köçkünlərin həyat şəraiti ilə də tanış olub.
Jurnalistlərin suallarını cavablandıran Robert Sekuta bildirib ki, Amerika Birləşmiş Ştatları Avropadakı Hərbi İdarəsinin vasitəçiliyi ilə Yeni Daş, Alxaslı və Ərdüşlü kəndlərində su sistemlərinin təkmilləşdirilməsi sahəsində üç layihə həyata keçirəcək. Layihəyə ABŞ səfirliyinin Hərbi əməkdaşlıq idarəsi nəzarət edəcək. Layihə reallaşdıqdan sonra 700-ə yaxın ailənin su təchizatı yaxşılaşdırılacaq.
Səfir Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu sülhdə gördüklərini və bu ilin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışdıqlarını deyib: “Müşahidə etmisinizsə, son dövrlər başda ABŞ olmaqla Minsk qrupunun bütün həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin dinc, sülh yolu ilə nizamlanması üçün öz səylərini artırıblar. Bizim amerikalı həmsədrimiz səfir Uorlik bir neçə dəfə bu il ərzində ölkəyə səfər edib. Sonuncu dəfə keçən həftə Azərbaycana gəlib. Biz bütün ölkələrə, Vaşinqton və digər böyük ölkələrə başa salmağa çalışırıq. Səfir Uorlik də haqlı olaraq keçən dəfə gələndə bildirib ki, heç də bu münaqişəyə "dondurulmuş münaqişə" demək olmaz. Çünki insanlar qətlə yetirilir. Biz öz işimizi bu istiqamətdə, nizamlama istiqamətində davamlı olaraq davam etdiririk. İstəyimiz ondan ibarətdir ki, bu ilin sonunadək hər iki ölkənin prezidentlərinin görüşünü təşkil edək”.