Fərid Şəfiyev: COP29-da yeni iqlim maliyyəsi mexanizmlərinin yaradılması vacib nailiyyətdir

Fərid Şəfiyev: COP29-da yeni iqlim maliyyəsi mexanizmlərinin yaradılması vacib nailiyyətdir  backend

“COP29-da yeni iqlim maliyyəsi mexanizmlərinin yaradılması, Paris Sazişinin 6-cı maddəsinin işə salınması, İtki və Zərər Fondunun fəaliyyətə başlaması vacib nailiyyətlərdir”.

QAZÍLER.AZ  AZƏRTAC-a istinaden xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Mərakeşin Tanjer şəhərində keçirilən 16-cı beynəlxalq MEDays forumunda çıxışı zamanı bildirib.

“İqlim Dayanıqlılığı: İnkişaf etməkdə olan iqtisadiyyatlarda innovativ maliyyələşdirmə və siyasət” mövzusundakı paneldə çıxış edən Fərid Şəfiyev istixana qazlarının əsas istehsalçıları olan inkişaf etmiş ölkələrin qabaqcıl mövqe tutaraq inkişafda olan ölkələrə maliyyə dəstəyini artırmalı olduğuna diqqət çəkib.

“Nəticə etibarilə, inkişaf etmiş ölkələr daha çox maliyyə dəstəyi göstərməli idilər. Maraqlıdır ki, uzun əsrlərdir iqtisadi davamlılığın tərkib hissəsi olaraq neft, qaz və kömür istehsalı ilə məşğul olan inkişaf etmiş ölkələr indi inkişafda olan ölkələrdən tələb edirlər ki, onlar ənənəvi enerji mənbələrindən imtina etsinlər. Həmçinin qeyd etmək istəyirəm ki, Rusiya ilə mövcud gərginliklər fonunda, xüsusilə Avropada bəzi inkişaf etmiş ölkələr neft istehsalını artırıblar”, - deyə o bildirib.

Fərid Şəfiyev çıxışında iqtisadi zərərlərin qarşısını almaq üçün “yaşıl keçid” məsələlərinə realist mövqedən yanaşmağın labüdlüyünü və ən yeni texnologiyaların bu prosesdəki asanlaşdırıcı rolunu qeyd edib.

BMTM sədri, həmçinin Azərbaycanın enerji tarixi, “yaşıl keçid” strategiyaları və hazırda reallaşdırılan irimiqyaslı layihələri barədə geniş təqdimatla çıxış edib.

F.Şəfiyev bildirib ki, Azərbaycan qlobal iqlim məqsədləri çərçivəsində günəş, külək və “yaşıl” hidrogenə diqqəti cəmləməklə “yaşıl keçidi” sürətləndirir. Bu səbəbdən ölkəmiz “Masdar”, ADNOC, “ACWA Power”, TEPSCO, bp, and “China Gezhouba Group Overseas Investment” şirkətləri ilə müxtəlif bərpaolunan enerji layihələrinin həyata keçirilməsi ilə əlaqədar vacib “yaşıl enerji” sazişləri imzalayıb.

“Azərbaycan 2030-cu ilə qədər istixana qazlarının həcmini 35, 2050-ci ilədək isə 40 faizədək azaltmağı hədəfləyir. Azad edilmiş torpaqlar xalis sıfır emissiya zonası elan edilib. 2030-cu ilə qədər isə ölkənin ümumi enerji balansında bərpaolunan enerji üzrə qoyuluş gücü payının 30 faizə çatdırılması əsas hədəf kimi müəyyən edilib” - deyə o əlavə edib.

F.Şəfiyev cari geosiyasi reallıqlar kontekstində Qara dəniz sualtı kabeli layihəsi (Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan) və Xəzər dəniz sualtı kabel layihəsinin (Azərbaycan, Qazaxıstan və Özbəkistan) artan əhəmiyyətini xüsusi vurğulayıb.

Xatırladaq ki, ənənəvi olaraq təşkil edilən MEDays forumunun müzakirələri “Müasir Dünyanın Geosiyasi Mənzərəsinin Mürəkkəblikləri” mövzusuna həsr edilib. Əsas məqsəd çoxsaylı çağırışlar qarşısında dövlətlərin davamlılığını gücləndirəcək strategiyalar müəyyən etməyə yardım etməkdir.

 

 

Diaspora