Qoşunların təmas xəttində monitorinq keçirilir

Qoşunların təmas xəttində monitorinq keçirilir backend

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinq keçirilir. APA-nın yerli bürosunun xəbərinə görə, monitorinqdə Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Xristo Xristov və Piter Svedberq iştirak edirlər.


J. Aberle və S. Tiller əvvəlcə Tərtər rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədovla görüşüblər. RİH başçısı onlara cəbhəyanı yaşayış məntəqələrindəki vəziyyət barədə məlumat verib. M. Məmmədov jurnalistlərə bildirib ki, sonuncu monitorinq bu il sentyabrın 22-də keçirilib: “Həmin tarixdən indiyədək Tərtər ərazisində təmas xəttində atəşkəs rejimi ermənilər tərəfindən 2380 dəfə pozulub. Onların nəzərinə çatdırdıq ki, təmas xəttinə yaxın kəndlərdə əhali 280 hektara yaxın sahədə taxılını yığa bilməyib. Hazırda Qapanlı kəndində təmas xəttinə yaxın mövqedə bizə məxsus iki artezian su quyusunu təmir edə bilmirik ki, əhalinin su problemini həll olunsun. Bunları diqqətinə çatdırdıq, Qapanlıda toya mağarına atəş açılmasını vurğuladıq. Qarşı tərəfin toy mərasiminin keçirildiyi yerin guya hərbi hissəyə yaxın olması barədə iddialarının yalan olduğunu faktlarla sübuta yetirdik”.


Daha sonra ATƏT nümayəndələri cəbhə xəttinə yollanıblar.
Diaspora