COP29 tədbirində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Lütfihak Alpkanın başçılıq etdiyi nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nümayəndə heyətinə ölkəmizdə həssas qrupların cəmiyyətə inteqrasiyasını gücləndirmək məqsədi ilə görülən işlər barədə məlumat verib.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan bu Mərkəzin də əlilliyi olan şəxslər və digər həssas qrupların yaradıcı potensialının inkişafına və cəmiyyətə inteqrasiyasına xidmət etdiyi vurğulanıb.
Mərkəzin direktor müavini Mətanət Məmmədova qonaqları mərkəzdə təşkil olunan təlim prosesləri, göstərilən xidmətlərlə tanış edib. Nümayəndə heyəti təlim studiyalarında yaradıcılıq prosesini izləyib, Mərkəz və “DOST Evi” filialında hazırlanan əl işlərinə baxıblar.
Təlimçilər və benefisiarların ərsəyə gətirdikləri əl işləri, ətraf mühitin mühafizəsinə həsr olunmuş ekspozisiya, inklüziv kamera orkestrinin ifası maraqla qarşılanıb. L.Alpkan Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.